MBH-nin həbsdə olan üzvünün həyat yoldaşı hicabla bağlı paylaşımlarına görə xəbərdarlıq alıb

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin həyat yoldaşı Şahanə Həsənova hicabla bağlı paylaşımlarına görə xəbərdarlıq aldığını deyir.

O, bu barədə oktyabrın 21-də sosial media hesabında məlumat yayıb.

“Abşeron polisindən zəng vurub məndən ‘Facebook’da məktəbin qarşısından paylaşdığım videoları silməyimi istədilər. Mən də onlara videolarda hər hansı qanunsuz məzmun olmadığını bildirdim. Bu ünvanda yaşadığımı deyib dəstəyi asdı”, - Həsənova qeyd edib.

Şahanə Həsənova bildirib ki, bu xəbərdarlıqdan sonra özünü təhlükəsizlikdə hiss etmir. Onun sözlərinə görə, hicabla bağlı məhdudiyyətlər tətbiq olunmağa başlayandan bəri övladını hər gün məktəbə aparır və uşağın dərsə buraxılmaması ilə bağlı “Facebook” hesabında paylaşımlar edir.

“Toplum TV” məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsi ilə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verilməyib.

Ağaəli Yahyayev 2023-cü il avqustun 31-də saxlanılıb. O, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub və 2024-cü ilin sentyabrında 7 il müddətinə azadlıqdan məhrum edilib. Yahyayev ittihamı qəbul etmir.

O, bundan əvvəl də 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs edilmiş, 15 il azadlıqdan məhrum olunmuşdu. Yahyayev 2021-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Son həftələr ölkənin bir sıra məktəblərində hicablı şagirdlərin və müəllimlərin dərsə buraxılmaması ilə bağlı məlumatlar yayılıb. Bu hallar Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində vahid geyim formasının tətbiqinə dair qərarından sonra baş verib.

Qərarda hicabın qadağan olunması birbaşa qeyd edilməsə də, bəzi məktəblərdə sənəd dünyəvilik prinsipinə zidd hesab edilən geyimlərə icazə verilməməsi kimi tətbiq olunur.

Bu hallara etiraz olaraq bir sıra orta məktəblərdə aksiyalar keçirilib.

Daxili İşlər Nazirliyi vahid geyim qaydalarının tətbiqi ilə bağlı yaranan insidentlər üzrə 37 nəfərin saxlanıldığını açıqlayıb.

Nazirlik iddia edir ki, Bakıda bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı təhsil işçiləri ilə münaqişə yaradıb, təhsil müəssisələrinə zərər vurub və məktəblərin normal fəaliyyətinə mane olmağa cəhd edib.

Bəzi inanclı fəallar isə etirazlarla əlaqədar ölkə üzrə 400-ə yaxın şəxsin saxlanıldığını bildirirlər.