Hicablı şagirdlərə dəstək

Gürcüstanlı müsəlmanların dini və ictimai məsuliyyəti.

Cəmiyyətin mənəvi həddi-buluğu çox vaxt öz hüquqlarını necə müdafiə etməsi ilə yox, başqalarının hüquqları təhlükə altına düşəndə hansı mövqe tutması ilə ölçülür.

Azərbaycanda hicablı şagirdlərin təhsil hüququ ətrafında yaranan mübahisə Gürcüstanlı müsəlmanlar üçün də mənəvi və ictimai məsuliyyət məsələsidir. Çünki söhbət yalnız dini geyim ilə məhdudlaşmır. Mövzu dini etiqad azadlığına, təhsil hüququna və cəmiyyətin ədalət qarşısındakı duruşuna toxunur.

Bəs Gürcüstanlı müsəlmanların Azərbaycandakı hicablı şagirdlərə dəstəyi nəyə görə vacibdir?

İslamın həmrəylik və ədalət çağırışı

Dinimiz İslamda möminin məsuliyyəti yalnız şəxsi ibadətlə məhdudlaşmır. Müqəddəs Qurani-Kərim insanları yaxşılıqda və təqvada yardımlaşmağa çağırır (Maidə.2). Eyni zamanda ədalətli olmağı tələb edir, hətta bu, insanın özünün və yaxınlarının əleyhinə olsa belə (Nisa,135).

Buna görə başqa ölkədə yaşayan müsəlmanların dini etiqad azadlığı və təhsil hüququ ilə bağlı narahatlığına münasibət bildirmək sadəcə emosional həmrəylik deyil. Bu, mənəvi borc, etiqadi prinsip məsələsidir.

Hicablı şagirdlərə dəstək Azərbaycanın daxili işlərinə müdaxilə etmək və ya siyasi qarşıdurma yaratmaq mənasını vermir. Məqsəd insan hüquqlarının qorunmasını, uşaqların təhsildən kənarda qalmamasını və mübahisənin hüquqi yolla həllini müdafiə etməkdir.

Susmaq, yoxsa məsuliyyət daşımaq?

Burada diqqətli olmaq lazımdır. İnsanlar müxtəlif səbəblərdən susa bilər. Ehtiyatlılıq, məlumat çatışmazlığı və ya hadisələrə fərqli baxış. Ona görə susan hər kəsi qınamaq, niyyətini mühakimə etmək və ya dini baxımdan ittiham etmək düzgün deyil.

Lakin dini təşkilatların və tanınmış din xadimlərinin susqunluğunu sorğulamaq gərəkdir. Çünki onlar yalnız dini mərasimlər keçirən qurumlar və fərdlər deyil. Onlar mənəvi dəyərlərin izahında və ictimai məsuliyyətin formalaşmasında baş rol oynayırlar. Belə məqamlarda onların mövqeyini, arqumentlərini və susmaq qərarının səbəblərini soruşmaq, araşdırmaq, tənqid etmək, legitim ictimai müzakirənin tərkib hissəsidir.

Gürcüstan din alimlərinin dəstəyi.

Qeyd etmək lazımdır ki, Gürcüstan din alimləri imkanları çərçivəsində bu mövzunu gündəmdə saxlayır və hicablı şagirdlərə dəstək olurlar. Onlar məsələnin unudulmamasına, ictimaiyyətin diqqətində qalmasına və dini etiqad azadlığı ilə təhsil hüququnun müzakirə olunmasına öz töhfələrini verirlər. Bu səylər göstərir ki, mənəvi məsuliyyət yalnız çağırışla deyil, davamlı diqqət və yaradıcı çalışqanlıqla da yerinə yetirilə bilər.

Həmrəylik bəyanatdan daha artıq olmalıdır.

Gürcüstanlı müsəlmanların dəstəyi sosial şəbəkə paylaşımları və emosional çağırışlarla bitməməlidir. Daha səmərəli yanaşma üç istiqaməti birləşdirə bilər.

1. Hüquqi müdafiə.

Burada ən çox iş Gürcüstanlı inanclı hüquqşünaslara düşür.

Azərbaycanda yerli hüquqi vasitələr nəticə vermədikdə, hüquqşünaslar fərdi şikayətlərin və ya əsaslandırılmış hüquqi təhlilin beynəlxalq insan hüquqları mexanizmlərinə yönəlməsində vasitəçilik etməklə hicablı şagirdlərin valideynlərinə dəstək ola bilərlər.

2. İctimai həmrəylik.

İctimai həmrəylik ruhanilərin, universitet tələbələrinin, hicablı məktəb şagirdlərinin və müəllimələrin, dini və ictimai təşkilat rəhbərlərinin, ziyalıların, valideynlərin və bütün vicdanlı vətəndaşların birgə mövqeyi ilə ifadə oluna bilər. Birgə bəyanatlar, dinc tədbirlər, ictimai çağırışlar və hüquqi dəstək vasitəsilə Gürcüstanlılar Azərbaycanda təhsil hüququ ilə bağlı çətinlik yaşayan insanların yanında olduqlarını göstərə bilərlər.

Sözün "Mustafası"

Gürcüstanlı müsəlmanların Azərbaycandakı hicablı şagirdlərə dəstəyi dini həmrəyliyin, insan hüquqlarına hörmətin və ictimai məsuliyyətin ifadəsi ola bilər. Bu dəstək nə Azərbaycan xalqına qarşı mövqe, nə də hakimiyyətlə qarşıdurma məqsədi daşımalıdır. Onun mərkəzində uşaqların təhsil hüququ və dini etiqad azadlığı dayanmalıdır.

İslamın ədalət və yardımlaşma çağırışı da məhz belə hallarda məna qazanır. İnsan yalnız özünə yaxın olanın deyil, haqqının qorunmasına ehtiyac duyan hər kəsin vəziyyətinə diqqət yetirməlidir.

Hz Rəsulallah (s.ə.v.s) belə buyurur:

Müsəlmanların çətinliyinə qayğı göstərmədən səhəri açan şəxs onlardan (müsəlman) deyil.

Əsl həmrəylik başqasının ağrısını gördüyünü söyləməklə bitmir. O, həmin ağrının aradan qalxması üçün məsuliyyətli addım atdıqda həqiqi məna qazanır.