Həmzə Er: Əliyev həm hicabı qadağan edir, həm də İsrailə neft satır

Həmzə Er "Millat" qəzetindəki məqaləsində diqqəti ona yönəldib ki, Azərbaycandakı Əliyev rejimi təkcə hicab əleyhinə təzyiqlər həyata keçirmir, həm də İsraillə dost münasibətlərindədir. Er qeyd edib ki, Azərbaycan İsrailə neft satır.

"Əliyevin '28 Fevral'ı" başlıqlı məqalədə deyilir:

Görünür, Azərbaycanın sülalə idarəçiliyi xalqdan uzaq olan təcrübələr siyahısına daha birini əlavə edib. Narahatedici mənzərələr getdikcə daha çox müşahidə olunur. Hicablı qızlar məktəb qapılarından geri qaytarılır. Ağlayan şagirdlərin təhsil almaq üçün gəldikləri məktəblərə girişinə icazə verilmir.

Biz bu mənzərələrə xüsusi diqqət yetirdik, çünki onlar bizə çox tanışdır və yaralarımız hələ təzədir. Biz bu cür təzyiqlərin nələrə səbəb olduğunu yaxşı bilirik. Universitet qapılarında gözlədilən gənc qadınları, "inandırma otaqları"nı və ya hicablarını çıxarmaqdan imtina etdikləri üçün təhsillərini yarımçıq qoymağa məcbur qalan gəncləri unutmamışıq. İndi isə Azərbaycanda həmin səhvin təkrarlandığını görürük.

Bəs bu proses necə başladı? 7 iyul 2026-cı il tarixində "Ümumi təhsil haqqında" Qanuna edilən dəyişikliklə Azərbaycan rəhbərliyi təhsil sisteminin təməl prinsiplərinə "milli xarakter və dünyəvilik" prinsiplərini əlavə edib. Daha sonra Prezident İlham Əliyev Nazirlər Kabinetinə şagirdlərin və təhsil işçilərinin geyimi ilə bağlı qaydaları yeni qanuna uyğunlaşdırmaq tapşırığını verin. Sentyabrın 21-də verilən fərmanda (309 nömrəli Fərman) məktəb formalarının vahidliyini pozan və ya "ümumi təhsildə dünyəvilik prinsipinə uyğun gəlməyən" heç bir geyim elementinə icazə verilməyəcəyi müəyyən edilib. Fərmanda "baş örtüyü" sözü açıq şəkildə qeyd olunmur. Lakin baş örtüyü taxan qızların məktəb qapılarından geri qaytarılması mənzərəsi bu siyasətin praktiki nəticələrini üzə çıxarır. Həmin bədnam "sekulyarizm dəyənəyi" hətta altıncı sinif şagirdlərinin belə məktəb qapılarından ağlayaraq evə göndərilməsi üçün bəhanəyə çevrilib.

Türkiyədə də "28 Fevral" dövründə baş örtüyü taxan tələbə qızlar universitet qapılarında təhsil hüququndan məhrum edilir, gənc qadınlar "inandırma otaqları"na məruz qalır və məktəblərindən uzaqlaşdırılırdılar. Bu siyasət nə cəmiyyətə sülh, nə də ölkəyə fayda gətirdi; əksinə, minlərlə gənc qadının təhsil perspektivlərini və gələcək imkanlarını məhdudlaşdırdı.

Azərbaycan hakimiyyəti indi Türkiyənin uzun illərdən sonra ciddi bir səhv olduğunu anlayaraq geridə qoyduğu bir təcrübəni təkrarlamağa çalışır.

Bir qıza "başını açsan, təhsil ala bilərsən" demək təhsil siyasəti deyil; bu, uşağı öz inancı ilə gələcəyi arasında seçim etməyə məcbur etməkdir. Uşağın sinfə buraxılmaması ictimai asayişə töhfə vermədən həm ailəni, həm də şagirdi cəzalandırır; əksinə, bu, dövlətə qarşı inamsızlıq yaradır, qütbləşməni dərinləşdirir və sosial gərginliyi artırır. Region ölkələrinin təcrübəsi göstərir ki, əqidə azadlığını məcburi tədbirlərlə tənzimləmək davamlı sülhə səbəb olmur. Azərbaycan hakimiyyətinin vəzifəsi məktəb qapılarında geyim qaydalarına nəzarət vasitəsilə qorxu aşılamaq deyil, hər bir uşağın təhsil hüququnu təmin etmək olmalıdır...

Hazırkı hadisələrə Əliyev hakimiyyətinin uzun müddətdir izlədiyi siyasi xətdən təcrid olunmuş şəkildə baxmaq mümkün deyil.

Biz Heydər Əliyevdən oğlu İlham Əliyevə miras qalmış idarəetmə tərzinə xas olan, din və cəmiyyətlə bağlı problemli münasibətlərin növbəti təzahürünün şahidi oluruq. Atadan oğula keçən və 2003-cü ildə hakimiyyət dəyişikliyi zamanı daha da möhkəmlənən bu avtoritar idarəetmə tərzi, ictimai həyat və təsisatlar üzərində yuxarıdan aşağıya nəzarət etmək vərdişini davam etdirir. Belə bir sistemdə vətəndaşların hüquqlarını həyata keçirməsi hakimiyyət tərəfindən müəyyən edilmiş sərhədlər daxilində qalmaq şərtinə bağlıdır. Dindar gənc qadınların baş örtüyü ilə sinif otaqlarına daxil olmasına qadağa qoyulması, həmçinin dövlətin ictimai görünüşdə eynilik yaratmaq istəyi ilə izah edilə bilər.

Əliyev administrasiyasının İslamla bağlı həssas məsələlərə dair mövqeyi yalnız öz sərhədləri daxilindəki müsəlmanların həyatına müdaxilə ilə məhdudlaşmır; Qəzza bunun ən bariz nümunələrindən biridir.

7 oktyabrdan bəri Qəzza tarixinin ən dağıdıcı dövrlərindən birini yaşayır. Bu müddət ərzində bütün dünyada işğalçı İsrail dövlətinin törətdiyi soyqırıma qarşı etiraz səsləri ucalıb. Buna baxmayaraq, Bakı administrasiyası illərdir İsraillə davam etdirdiyi strateji, hərbi və enerji əlaqələrinin istiqamətini dəyişməyib. Azərbaycan nefti işğalçı İsrail dövləti üçün həyati əhəmiyyətli enerji mənbəyi olaraq qalmaqdadır; Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Aralıq dənizinə çatdırılan neft sonradan İsrailə nəql olunur. 2025-ci ilin məlumatlarına görə, İsrailin idxal etdiyi neftin təxminən 46 faizi Azərbaycan tərəfindən təmin edilib.

Cəmi bir neçə gün əvvəl Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında baş verən mənzərə bütün bunların rəmzi bir təsviri idi. Netanyahu tribunaya yaxınlaşarkən 70 ölkənin nümayəndəsi zalı tərk etdi və ya yerlərini boş qoydu. Azərbaycanın nümayəndəsi isə zalda qaldı. Bəzən tək bir fotoşəkil uzun siyasi təhlillərdən daha çox şey ifadə edir. Bir tərəfdə baş örtükləri "sekulyarizmə zidd" hesab edildiyi üçün məktəb qapılarından geri qaytarılan müsəlman qızlar... Digər tərəfdə isə Qəzzaya görə beynəlxalq etirazların hədəfində olan Netanyahu çıxış edərkən boş qalmayan bir oturacaq...

Azərbaycan belə qaranlıq yollara düşməməlidir. Türkiyə "28 Fevral" dövründə bunu etdi və nəticədə illərini itirdi. Azərbaycanın ehtiyac duyduğu şey öz xalqı ilə qarşıdurma deyil, əksinə, onların inancına və azadlıqlarına hörmət edən bir idarəçilik yanaşmasıdır.

 

Həmzə Ər - Millat qəzeti