Ermənistan ikinci Ukraynaya çevrilə bilər

Hazırkı Ermənistan rəhbərliyinin inkişaf istiqamətini dəyişmək qərarı yaxşı heç nəyə gətirib çıxarmayacaq.

Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

Onun sözlərinə görə, Ermənistanın başına gələ biləcək ən pis hadisə onun yeni Ukraynaya çevrilməsidir.

“Hazırkı Ermənistan rəhbərliyi inkişaf istiqamətini dəyişməyin doğru olduğunu hesab edib. Mən əminəm ki, bu da yaxşı heç nəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən dəhşətli hadisə onun yeni Ukraynaya çevrilməsidir”, – Medvedev qeyd edib.

O deyib ki, bəzi dövlətlər Cənubi Qafqaz ölkələrini parçalamağa çalışırlar.

“Bəli, ayrı-ayrı dövlətlər hazırda nələrisə qarışdırmağa, vəziyyəti pozmağa çalışırlar. Biz bunu ehtiyatla izləyirik”, – Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini İranın Dövlət Televiziya və Radio Şirkətinə müsahibəsində bildirib.

Medvedev qeyd edib ki, əvvəlcə Qərb dünyası Gürcüstana NATO-ya üzv olmağı təklif edib və bunun heç bir yaxşı nəticəsi olmayıb. Təhlükəsizlik Şurası sədrinin müavini vurğulayıb ki, hazırda isə vəziyyət Ermənistanda dəyişir. Bununla yanaşı, Rusiya regiondakı, o cümlədən Qafqazdakı problemlərini müstəqil şəkildə həll edir.

Ermənistan parlamenti 2025-ci ilin martında respublikanın Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında qanun qəbul edib. Rusiya tərəfi qeyd edib ki, həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqı ilə gömrük ittifaqında olmaq mümkün deyil.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları zamanı respublikanın Avropa İttifaqına üzv olmaq niyyətini şərh edərək bildirib ki, Aİ-yə üzvlük prosedurunun başlanması haqqında qanunun qəbul edilməsi Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə bəyanat deməkdir. Rusiya hesab edir ki, bu məsələ ilə bağlı Ermənistanda mümkün qədər tez referendum keçirilməlidir.