Tbilisidə növbəti genişmiqyaslı etiraz aksiyası baş tutub

Tbilisidə Azadlıq meydanında keçirilən etiraz aksiyası “Gürcüstan İvanişvilisiz, Gürcüstan Avropadır” şüarı ilə və Gürcüstan himninin səsləndirilməsi ilə başa çatıb. Aksiya Gürcüstan hökumətinin ölkənin Avropa İttifaqına inteqrasiya prosesini 2028-ci ilin sonunadək dayandırmaq qərarına etiraz və ölkədə seçkilərin keçirilməsi tələbi ilə artıq aylardır ki, təşkil edilir.

Aksiyada siyasətçilər, vətəndaş fəalları və etiraz aksiyaları zamanı saxlanılan şəxslərin ailə üzvləri çıxış ediblər.

Bundan əvvəl etirazçılar şəhərin üç fərqli nöqtəsindən yürüşə başlayıblar. Aksiya iştirakçıları Avlabari metro stansiyasının yaxınlığında, Tbilisi Dövlət Universitetinin birinci korpusunun qarşısında və Orbeliani meydanında toplaşıblar. Daha sonra yürüş edərək Azadlıq meydanına gəliblər.

Aksiya iştirakçıları əraziyə Gürcüstan və Avropa İttifaqının bayraqlarını, eləcə də müxtəlif etiraz şüarlarının yazıldığı plakatları gətiriblər.

Bugünkü aksiya Gürcüstan hökumətinin ölkənin Avropa İttifaqına inteqrasiya prosesini 2028-ci ilin sonunadək dayandırmaq qərarının elan edilməsindən iki il ötürülməsi ilə əlaqədar təşkil olunub.

Xatırladaq ki, 2024-cü il noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesini dayandırdığını açıqlayıb. Bu bəyanatdan sonra ölkədə etiraz aksiyaları başlayıb və həmin aksiyalar bu günədək davam edir.

Etirazlar çərçivəsində onlarla şəxs saxlanılıb və barələrində hüquqi prosedurlar başlanıb. Aksiya iştirakçıları iki ildir növbədənkənar parlament seçkilərinin təyin olunmasını və saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.