İran ABŞ-a dəstək verən ərəb ölkələrindən kompensasiya tələb edir

İran İordaniyaya və Fars körfəzinin bir sıra ərəb dövlətlərinə qarşı məhkəmə proseslərinə başlayıb, onları İslam Respublikasına qarşı ABŞ-nin hərbi əməliyyatlarına yardım göstərməkdə ittiham edib.

Bu barədə İranın Məhkəmə Hakimiyyətinin Hüquqşünaslar Mərkəzinin rəhbəri Həsən Abdullahpur məlumat verib.

Tehranda hesab edirlər ki, zərbələrin endirilməsi üçün Vaşinqtona öz ərazilərini təqdim edən ərəb dövlətləri vurulmuş zərərə görə məsuliyyəti bölüşməli və təzminat ödəməlidirlər.

Hüquqi və siyasi təzyiq hədəfi kimi məhz qonşu dövlətlərin seçilməsi münaqişənin coğrafiyası ilə izah olunur. Fars körfəzinin ərəb monarxiyaları və İordaniya ABŞ-nin regional hərbi infrastrukturu ilə birbaşa əlaqəlidir. Onların ərazisində ABŞ-nin hərbi bazaları yerləşir, bu ölkələrin hava məkanı və logistika imkanları isə ABŞ silahlı qüvvələrinin əməliyyatlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Beləliklə, Tehran yalnız Vaşinqtona deyil, həm də ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunun asılı olduğu regional tərəfdaşlarına təsir göstərməyə çalışır. Məhkəmə iddiaları qonşularla danışıqlarda əlavə arqumentə çevrilə, onları öz infrastrukturlarını ABŞ hərbçilərinə təqdim etmək məsələsinə daha ehtiyatla yanaşmağa sövq edə və oxşar əməliyyatların təkrarlanmasına yol verməmək üçün Ağ Evə təzyiqi gücləndirə bilər.

Ərəb ölkələrinə qarşı tələblər Tehranın ABŞ-yə qarşı daha genişmiqyaslı kampaniyasının davamı olub. Noyabrın 23-də Abdollahpur İran məhkəmələrinin ABŞ tərəfini 290 milyard dollar ödəməyə məcbur edən qərarlar çıxardığını bildirib. Məhkəmə sisteminin nümayəndəsinin sözlərinə görə, bu məbləğ Vaşinqtonun bir neçə onillik ərzindəki fəaliyyətinə, o cümlədən son müharibənin vurduğu zərərə görə irəli sürülən iddialardan ibarətdir.