AXCP fəalı Anar Ərkivanın saxlanıldığı bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Anar Ərkivanın oktyabrın 6-da saxlanıldığı bildirilir.

Partiya üzvləri bu barədə sosial media vasitəsi ilə məlumat yayıblar.

Bildirilib ki, A.Ərkivan yaşadığı evdən zibil atmaq üçün çıxarkən 4-5 mülki geyimli şəxs tərəfindən saxlanılıb.

AXCP fəalın zorla avtomobilə mindirilərək naməlum istiqamətə aparıldığını qeyd edib. Bildirilib ki, onun harada saxlanıldığı və hansı qurumun əməkdaşları tərəfindən aparıldığı hələ məlum deyil.

Anar Ərkivan bu il iki dəfə polisə müqavimət və xırda xuliqanlıq ittihamları ilə inzibati qaydada həbs edilib. AXCP həmin həbslərin siyasi motivli olduğunu bildirib.

Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox üzvü həbsdədir.

Həsb olunanlar ittihamları rədd edirlər və həbslərinin siyasi fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.

Hüquq müdafiəçilərinin hesablamasına görə, Azərbaycanda 300-dən çox siyasi məhbus hesab edilən şəxs var.