Aytac Tapdıq və Ülviyyə Əli Qadın Hüquq Müdüdafiəçilərinin Beynəlxalq Koalisiyası kampaniyasına daxil edilib

“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlər Aytac Tapdıq və Ülviyyə Əli (Quliyeva) Qadın Hüquq Müdüdafiəçilərinin Beynəlxalq Koalisiyasının 2026-cı il kampaniyasına daxil edilib.

Koalisiya noyabrın 16-da “Spreading the Echo” (“Sədaların yayılması”) adlı kampaniyanı elan edib. Təşəbbüs çərçivəsində müxtəlif ölkələrdə hüquq müdafiə fəaliyyətlərinə görə həbs olunduğu bildirilən 30 qadının hekayəsi ictimailəşdirilir.

Koalisiyanın rəsmi siyahısı Aytac Tapdığın hekayəsi ilə başlayır. Təşkilat onu jurnalist və feminist fəal kimi təqdim edir, qadınlara qarşı zorakılıq, sosial bərabərsizlik, hüquq pozuntuları və etiraz aksiyalarını işıqlandırdığını bildirir.

Bəyanatda Aytac Tapdığın 2024-cü il dekabrın 6-da saxlanıldığı, sonradan hökumətyönlü telekanallarda qarayaxma kampaniyası ilə üzləşdiyi qeyd olunur.

Koalisiya həmçinin 2026-cı il fevralın 18-də təcridxana əməkdaşlarının jurnalistə fiziki zorakılıq göstərdiyini və onu zorlama ilə hədələdiyini iddia edir. Təşkilat onun nəfəsalma problemləri yaşadığını, lakin lazımi tibbi yardımla təmin olunmadığını da bildirir.

Kampaniyada adı çəkilən digər azərbaycanlı jurnalist Ülviyyə Əli 2025-ci il mayın 7-də “Meydan TV işi” üzrə saxlanılıb.

Koalisiya onun 2016-cı ildən müxtəlif müstəqil media qurumları ilə əməkdaşlıq etdiyini, sosial ədalətsizlik, ayrı-seçkilik və insan hüquqlarının pozulması hallarını işıqlandırdığını qeyd edir.

Ülviyyə Əli ittihamları qəbul etmir, Meydan TV ilə əlaqəsinin olmadığını və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

“Spreading the Echo” kampaniyası qadınlara qarşı gender əsaslı zorakılıqla mübarizəyə həsr edilən 16 günlük beynəlxalq fəallıq təşəbbüsü çərçivəsində keçirilir.

Kampaniyaya “Front Line Defenders”, FIDH, OMCT və digər beynəlxalq hüquq müdafiə təşkilatları dəstək verir. Koalisiya həbsdə olan qadın hüquq müdafiəçilərinin dərhal azad edilməsinə çağırır.

Aytac Tapdıq və Ülviyyə Əli “Meydan TV işi” üzrə həbsdədirlər. Onlar ittihamları qəbul etmir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.