Ya “ermənipərəst” sözünü dəyişin, ya da…

Azərbaycanda hakimiyyətin düşmən obrazı yaratmaqla opponentlərinə qarşı apardığı mübarizə yeni deyil. Birbaşa və açıq mübarizədə aciz qaldıqda, o, hər zaman meydana üçüncü tərəfləri çəkərək nifrət obrazını özündən uzaqlaşdırmaq siyasəti yürüdüb. Bununla həm xalqın diqqətini və nifrətini başqa istiqamətə yönəltməyə çalışıb — halbuki artıq cəmiyyətin böyük əksəriyyətinin hədəfində olduğunu görməmək mümkün deyil — həm də daxili qüvvələri zəiflətmək, onları siyasi oyundan çıxarmaq üçün həmin nifrət obrazını opponentlərinin üzərinə yönəltməyə nail olub.

Heç də təsadüfi deyil ki, illərdir “ermənipərəst qüvvələr”, “iranpərəst”, “qərbpərəst”, “ruspərəst” və sair “pərəst” obrazları yaradılaraq həm nifrət hədəfinin hakimiyyətdən başqasına yönəldilməsi siyasəti həyata keçirilib, həm də opponentlər şərlənərək həbs və işgəncələrə məruz qoyulub.

Lakin son günlər bu məsələdə rejimi seçim qarşısında qoyan incə bir problem ortaya çıxıb. Söhbət Ermənistanla sülh müqaviləsi imzalamaq və iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək planından gedir. Əslində, bu layihə yeni deyil. Zamanla hətta bəzi şəhid anaları da bu oyuna cəlb edilərək “oğlumu şəhid edən erməni ilə qonşu yaşamaq” mesajı ilə gündəmə gətirilmişdi. Ancaq son dövrlərdə məsələ daha həssas xarakter alıb.

Trampın “sülh” tələbindən sonra — hansı ki, bu prosesdə TRİP layihəsinin də əsası qoyulurdu — Azərbaycan və Ermənistan arasında münasibətlərin istiləşməsi sürətləndi. Ərazimizdən Ermənistana daşımalar nəinki artdı, hətta özümüz də böyük məmnuniyyətlə yanacaq satışını həyata keçirdik. Sülh müqaviləsinin təsdiqlənməsindən sonra, yəqin ki, rahat gediş-gəliş əlaqələri də başlayacaq.

İndi isə məsələ “ermənipərəst qüvvələr” ifadəsinin hansısa üçüncü, daha yeni dövlətin adı ilə əvəzlənməsi üzərində cəmlənməlidir. Görəsən, artıq istifadə edilən “iranpərəst”, “ruspərəst”, “qərbpərəst” və sair tanış ifadələr rejim üçün yetərli olacaq, yoxsa növbəti “pərəst” alternativ dövlət axtarışına başlanılacaq?