NATO Ukrayna və İran məsələləri ətrafında yaranan fikir ayrılıqlarına görə Albaniyada keçirilməsi nəzərdə tutulan sammiti ləğv edəcək

NATO Ukrayna və İran məsələləri ətrafında yaranan fikir ayrılıqlarına görə 2027-ci ildə Albaniyada keçirilməsi nəzərdə tutulan sammiti ləğv edəcək və yüksək səviyyəli görüşlərin sayını azaldacaq.

Bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Albaniyanın baş naziri Edi Rama sammitin 2027-ci ildə dəqiq baş tutmayacağını bəyan edib.

Onun sözlərinə görə, görüş 2028-ci ildə keçiriləcəyi təqdirdə tədbirə Tirana ev sahibliyi edəcək.

NATO-nun baş katibi Mark Rütte isə alyansın sammitləri yalnız zərurət yarandıqca təşkil etdiyini bildirib.

Məlumata görə, 2027-ci ildə NATO xarici işlər nazirlərinin görüşü iki dəfə deyil, cəmi bir dəfə keçiriləcək. Müdafiə nazirlərinin oktyabr ayına nəzərdə tutulan görüşü isə ümumiyyətlə plana salınmayıb.