Fuad Əsgərovun yaxınları: Aclıq aksiyasına başlayan məhbus dəfələrlə amansız işgəncəyə məruz qalıb

11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Fuad Əsgərovun yaxınları onun aclıq aksiyasını dayandırmaqdan imtina etdikdən sonra huşunu itirənədək döyüldüyünü bildirirlər. Onların sözlərinə görə, Əsgərov oktyabrın 19-da hicablı şagirdlərin baş örtüyünə görə dərsə buraxılmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Yaxınlarının bildirdiyinə görə, ertəsi gün müəssisə rəisi Şakir Qəniyev Əsgərovu qəbul edərək ondan aksiyanı dayandırmağı tələb edib. Əsgərovun bundan imtina etdikdən sonra huşunu itirənədək döyüldüyü, ardınca isə Qəniyevin göstərişi ilə Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürüldüyü bildirilir.

Yaxınları deyirlər ki, Əsgərov Müalicə Mərkəzində təkadamlıq kamerada saxlanılıb, ailəsi və oradakı digər məhbuslarla əlaqə saxlamasına icazə verilməyib. Onlar bu məhdudiyyəti döyülmə izlərinin görünməməsi ilə əlaqələndirirlər.

Verilən məlumata görə, Əsgərov noyabrın 13-də səhhətində yaranan ciddi problemlərə görə aclıq aksiyasını dayandırıb və 11 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb. Yaxınları bildirirlər ki, müəssisəyə qayıdan kimi o, rəisin otağına aparılıb. Orada yaranan mübahisədən sonra isə Əsgərovun birbaşa karserə salındığı deyilir.

Yaxınlarının iddiasına görə, Əsgərov bu dəfə də rəisin göstərişi ilə döyülüb. Onun qollarını qandallayaraq karserdə çarpayıya bağlı vəziyyətdə qoyduqları bildirilir.