Biz öz haqqımızdan keçərik, amma hicabdan əsla!

Siyasi məhbus Ağa-Əli Yəhyayev həbsxanadan ölkədə hicablı şagirdlərin təhsil ocaqlarına gəlişinə qoyulan qadağa ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Biz illərdir şərlənərək, günahsız yerə həbsə atılsaq da, hər zaman haqqımızı hüquqi müstəvidə və qanunlar çərçivəsində müdafiə etməyə çalışmışıq. İllərdir haqsızlığa məruz qalsaq da, səbrlə gözləyib ədalətin bir gün öz yerini tapacağına ümidimizi itirməmişik. Yeri gəlib haqqımızdan belə keçmişik, yetər ki, dövlətimizə və dövlətçiliyimizə bir zərər gəlməsin.

Lakin bu gün hicablı övladlarımızın və hicablı müəllimələrin pozulan hüquqlarını görüb buna səbr etməyimizi gözləməyin bizdən. Yenə də səbr və təmkinlə yuxarı dairələrə fikrimizi çatdırdıq. Hüquq müstəvisində lazımi addımlar atılacaq. Lakin illərdir yaşadığımız təcrübə onu göstərir ki, qanunların işləmədiyi yerdə hüquqi addımlar arxa planda qalır.

Və biz yenə də ümid edirik ki, bizləri əlimizdə olan son çıxış yoluna getməyə məcbur buraxmayacaq bir addım atılar. Çünki hicab bizim qırmızı xəttimizdir. Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulması və dayanılması olan bir nöqtədir.

Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik.

Yaxın günlərdə ciddi bir addım atılmasa, biz son çıxış yolunu ölüm aclığına başlamaqda və bu yolda canımızı belə verməkdən çəkinməyəcəyik.

Və sonda məsələni diqqətdə saxlayan, həmçinin məlum qərarı insan hüquqlarının pozulması kimi qəbul edib bu qərara öz haqlı etirazını bildirən inanclı və inancsız, hicablı və hicabsız xalqımızın dürüst, vicdanlı hər bir fərdinə təşəkkürümüzü bildiririk.

İllərdir az-az öldürülürük, belə zülmlə yaşamaqdansa, birdəfəlik ölmək yaxşıdır.”

Ağa-Əli Yəhyayev
8 saylı cəzaçəkmə müəssisəsi
22.10.2026