“Freedom House”: “Dünyada internet azadlığı ardıcıl 16-cı ildir geriləyir”

Dünyada internet azadlığı ardıcıl olaraq 16-cı ildir ki, geriləyir. 2025-ci ilin iyunundan 2026-cı ilin mayınadək qiymətləndirilən 38 ölkədən 16-sında vəziyyət pisləşib, 8-də isə yaxşılaşıb.

Bu barədə “Freedom House” beynəlxalq insan hüquqları təşkilatının oktyabrın 22-də açıqladığı “İnternetdə azadlıq 2026: Qlobal internetdə köklü dəyişikliklər” hesabatında bildirilir.

Hesabatda Azərbaycanın da adı çəkilir. Təşkilat uzunmüddətli internet məhdudiyyətləri ilə bağlı təqdim etdiyi məlumatlarda 2020-ci ildə Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə zamanı ölkə üzrə internetə çıxışın 47 gün ərzində məhdudlaşdırıldığını xatırladır.

Azərbaycan hakimiyyəti həmin vaxt məhdudiyyətləri Ermənistanın törətdiyi bildirilən təxribatların və kiberinsidentlərin qarşısının alınması zərurəti ilə əsaslandırmışdı.

2020-ci il sentyabrın 27-də tətbiq edilən məhdudiyyətlər noyabrın 12-də, işğaldan azad edilmiş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla, aradan qaldırılıb.

 

İranda internet 88 gün məhdudlaşdırılıb

“Freedom House”un hesabatına görə, internet azadlığının ən çox gerilədiyi ölkə İran olub. İran Çin və Myanma ilə birlikdə internet azadlığı baxımından ən pis vəziyyətdə olan ölkələr sırasına daxil edilib.

Təşkilat bildirir ki, avtoritar hakimiyyətlər əhalini qlobal internetdən təcrid etmək üçün yeni üsullardan istifadə etməyə başlayıblar.

İran hakimiyyəti 2026-cı ilin fevralından etibarən təxminən 88 gün ərzində əhalinin böyük hissəsinin internetə çıxışını kəsib. Bu, “Freedom House”un internet azadlığı ilə bağlı hesabatlarının tarixində qeydə alınan ən uzunmüddətli ölkəmiqyaslı internet kəsintisi olub.

Rusiyada isə hakimiyyət internet üzərində nəzarəti gücləndirib, VPN xidmətlərinə məhdudiyyətləri artırıb və yalnız dövlətin icazə verdiyi internet resurslarına çıxışın saxlanılması istiqamətində addımlar atıb.

Hesabatda İordaniya və Nigeriyada da internet azadlığının əhəmiyyətli dərəcədə pisləşdiyi qeyd olunur. İordaniyada regional münaqişələrlə bağlı onlayn müzakirələrə təzyiqlər artırılıb, Nigeriyanın Zamfara ştatının bəzi ərazilərində isə internet aylarla məhdudlaşdırılıb.

İnternet azadlığı sahəsində ən böyük irəliləyiş Banqladeşdə qeydə alınıb. Bu ölkəni Qambiya izləyib. İnternetin ən az məhdudlaşdırıldığı ölkə isə Estoniya olub.

Qonşu Gürcüstanın statusu “azad”dan “qismən azad”a endirilib. “Freedom House” bunu hakimiyyətdəki “Gürcü Arzusu” partiyasına qarşı onlayn fəallığın və tənqidi fikirlərin məhdudlaşdırılması ilə əlaqələndirir.

 

Süni intellekt və yaş yoxlamaları yeni risklər yaradır

Hesabatda bildirilir ki, hökumətlər internetdə ifadə azadlığına və informasiya əldə etmək imkanlarına yeni məhdudiyyətlər tətbiq edirlər.

Bunların arasında sosial şəbəkələrdən istifadə üçün yaş yoxlamalarının tətbiqi, şəxsi məlumatların toplanması və süni intellektlə yaradılan məzmunu tənzimləyən qanunlardan ifadə azadlığını məhdudlaşdırmaq məqsədilə istifadə edilməsi də var.

2026-cı ilin iyununa olan məlumata görə, qiymətləndirilən 38 ölkədən 10-da sosial şəbəkələr və digər onlayn məzmun üçün yaş yoxlamaları ilə bağlı qanunlar təklif edilib, qəbul olunub və ya tətbiqinə başlanılıb.

Təşkilat xəbərdarlıq edir ki, uşaqların internetdə təhlükəsizliyini təmin etmək məqsədi daşıyan bu tədbirlər istifadəçilərin şəxsi məlumatlarının qorunması və anonimliyi üçün yeni risklər yarada bilər.

“Freedom House”un icraçı direktoru Ceymi Flay bildirib ki, insan müdaxiləsi olmadan müəyyən tapşırıqları yerinə yetirə bilən süni intellekt sistemləri internet mühitini köklü şəkildə dəyişdirmək potensialına malikdir.

“Avtoritar qüvvələr artıq süni intellektdən təzyiq vasitəsi kimi istifadə edirlər. Biz təmin etməliyik ki, ön cəbhədə çalışan fəallar və azadlıq uğrunda mübarizə aparanlar bu təhdidlərə qarşı çıxmaq üçün ən müasir texnologiyalara çıxış əldə edə bilsinlər”, – Flay bildirib.

O əlavə edib ki, demokratik ölkələr süni intellekt dövründə demokratiyanı və əsas hüquqları qorumaq üçün atdıqları addımlarla qanuni ifadə azadlığını məhdudlaşdırmamalıdırlar.

“Freedom House” qeyd edir ki, 2026-cı il hesabatında əvvəlki illə müqayisədə qiymətləndirilən ölkələrin sayı azaldılıb. Ötən il 72 ölkəni əhatə edən araşdırmada bu dəfə 38 ölkə qiymətləndirilib, 34 ölkə üzrə araşdırma dayandırılıb. Azərbaycanla bağlı yeni ölkə qiymətləndirməsi təqdim edilməyib.