Azadlıqda olsaydım, yəqin ki, bu günün Kərbəla meydanı olan inanclı xanımların məhkəmə salonlarında onların yanında yer alardım” – Hacı Tale Bağırzadə

İlahiyyatçı Hacı Tale Bağırzadə ötən il Ərbəin günü (İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü) saxlanılan altı inanclı xanımın məhkəmə proseslərinin başlanması ilə bağlı paylaşım edib. O, məhkəmələrin məhz Məhərrəm ayının ilk günlərinə təsadüf etməsini hakimiyyətin İslama qarşı kin və nifrətinin növbəti təzahürü kimi qiymətləndirib.

Hacı Tale Bağırzadə bildirib:

“Bu sistemin İslama qarşı apardığı mübarizə ilk deyil. Məhərrəm ayında o, bir daha haqq və batil cəbhələrini, Yezid və Hüseyn (ə) təfəkkürünü qarşı-qarşıya qoydu. Kərbəlanın əməli mübarizə meydanını xatırladan bu günlərdə hakimiyyət, məhkəmə salonlarında günahsız xanımları cəzalandırmağa çalışmaqla öz həqiqi mahiyyətini növbəti dəfə nümayiş etdirmiş oldu.

Mənə görə, bu günün Kərbəlası inanclı xanımların məhkəmə salonlarında apardıqları mübarizədir. Əgər mən azadlıqda olsaydım, heç bir şübhə etmədən onlarla eyni sırada dayanmağı, haqqın yanında və zülmün qarşısında olmağı seçərdim.”