İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib

Rusiya tərəfinin layihədə iştirakını nəzərdə tutan saziş ötən həftə təsdiqlənib, xəttin 37 kilometrlik sonuncu torpaq sahələri isə Rusiya şirkətinə təhvil verilib.

İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin baş direktoru, yol və şəhərsalma nazirinin müavini Huşəng Bazvənd Rusiya tərəfinin Rəşt-Astara dəmir yolunun tikintisində iştirakına dair sazişin İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndiyini bildirib.

O, Tasnim xəbər agentliyinə müsahibəsində qeyd edib ki, Şimal-Cənub dəhlizinin tikintisi ilə bağlı saziş parlamentin və ya Ali Milli Təhlükəsizlik Şurasının təsdiqindən keçməli idi. Bazvəndin sözlərinə görə, aparılan işlər nəticəsində saziş ötən həftə Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib.

O əlavə edib ki, bundan sonra layihənin icra işləri daha sürətlə davam etdiriləcək. Bazvəndin sözlərinə görə, ötən çərşənbə günü Rəşt-Astara dəmir yolu xəttinin qalan 37 kilometrlik hissəsinə aid torpaq sahələri Rusiya şirkətinə təhvil verilib.

Beləliklə, layihənin ümumilikdə 162 kilometrlik marşrutu zəruri tədqiqatların və sahə araşdırmalarının aparılması üçün təhvil verilib.

Bazvənd Şimal-Cənub dəhlizinin əhəmiyyətinə toxunaraq bildirib ki, Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi prezidentin və yol və şəhərsalma nazirinin xüsusi diqqətindədir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün layihənin həyata keçirilməsində mövcud bütün imkan və potensialdan istifadə edilməlidir.