Həbsdəki jurnalist Əfqan Sadıqov Lənkəranda məhkəmədə "Rədd olsun diktatura!" deyib, konvoy onu zaldan çıxarıb

Noyabrın 3-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində "Azel TV" saytının və eyniadlı YouTube kanalının təsisçisi, baş redaktoru Əfqan Sadıqovun hədə-qorxu ilə pul tələb etmə ittihamı üzrə işinə baxış başlayıb. Jurnalist ittiham aktında yazılanların hamısının yalan olduğunu, jurnalist fəaliyyətinə görə prezident İlham Əliyevin göstərişi ilə həbs edildiyini deyib.

Jurnalistin yaxınları "Meydan TV"yə bildiriblər ki, Sadıqov zala əlləri qandallı, beş konvoy əməkdaşının müşayiəti ilə gətirilib və şüşə kabinəyə salınıb. Vəkil Nemət Kərimlinin vəsatəti ilə hakim Ənnağı Məmmədli onu kabinədən çıxarıb vəkilin yanında əyləşdirsə də, qandallar açılmayıb.

Hakim iş üzrə yeddi nəfərin zərərçəkmiş kimi tanındığını, onlardan üçünün iclasda olduğunu deyib. Dövlət ittihamçısı Taleh Səfərov ittiham aktının nəticə hissəsini oxuyub. Vəkil indiyədək müvəkkili ilə məxfi şəraitdə görüşə bilmədiyini deyərək iclasın təxirə salınmasını istəyib. Prokuror vəsatəti əsassız sayıb, məhkəmə prosesi davam etdirməyə qərar verib.

Bundan sonra Sadıqov bunun məhkəmə olmadığını deyib, İlham Əliyevi və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevi "quldurlar" adlandırıb, "Rədd olsun diktatura!" və "Siyasi məhbuslara azadlıq!" şüarları səsləndirib. Hakim onun zaldan çıxarılmasını əmr edib; yaxınlarının sözlərinə görə, konvoy əməkdaşları jurnalisti itələyərək aparıblar. Vəkil müdafiə hüququnun pozulduğunu bildirərək təxirə salınma vəsatətini təkrar verib və bu dəfə hakim onu təmin edib.

Əfqan Sadıqov 2020-ci ildə eyni ittihamla 7 il həbs cəzası almış, iki il sonra əfv sərəncamı ilə azad olunmuş və 2023-cü ilin dekabrında ailəsi ilə Gürcüstana köçmüşdü. 2024-cü ilin avqustunda Azərbaycanın ekstradisiya sorğusu ilə Tbilisidə saxlanılıb, Avropa İnsan Hüquqları Məhkəməsinin qadağası ilə 2025-ci ilin aprelində girov müqabilində buraxılıb. 2026-cı il aprelin 4-də Gürcüstan polisi onu "polis əməkdaşını təhqir etmə" ittihamı ilə inzibati qaydada saxlayıb və ertəsi gün Azərbaycana deportasiya edib. Bundan sonra 2024-cü ildə açılmış köhnə iş üzrə istintaq bərpa olunub və jurnalist həbs edilib.

Sadıqov ittihamları qəbul etmir, həbsini siyasi sayır. Yerli hüquq müdafiəçilərinin son siyahısına görə, Azərbaycanda hazırda 322 siyasi məhbus var.