Dövlət büdcəsindən milyonlarla manat alan AzTV ötən ili 4,2 milyon manat zərərlə başa vurub

Dövlət büdcəsindən hər il 42 milyon manatdan çox maliyyə yardımı ayrılan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) 2025-ci ili 4 milyon 221 min manat zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 3,1 dəfə çoxdur. Şirkətin öhdəlikləri isə bir il ərzində 2,3 milyon manatdan 8 milyon manata yüksəlib.

Bu barədə AzTV-nin rəsmi saytında dərc edilmiş 2025-ci il üzrə maliyyə hesabatında bildirilir.

Hesabata əsasən, dövlət teleradio şirkəti 2024-cü ili 1 milyon 363 min manat zərərlə başa vurmuşdu. Beləliklə, AzTV-nin illik zərəri 2 milyon 858 min manat və ya təxminən 210 faiz artıb.

Şirkətin maliyyə vəziyyətində əsas dəyişikliklərdən biri də öhdəliklərinin kəskin artmasıdır. AzTV-nin qısamüddətli öhdəlikləri 2024-cü ilin sonundakı 2 milyon 340 min manatdan 2025-ci ilin sonunda 8 milyon 61 min manata çatıb. Bu, 3,4 dəfə artım deməkdir.

Artım əsasən ticarət və digər kreditor borclarının çoxalması ilə bağlıdır. Bu istiqamətdə borclar bir il ərzində təxminən üç dəfə artaraq 1 milyon 870 min manatdan 5 milyon 602 min manata yüksəlib.

Maliyyə hesabatında AzTV-nin 2025-ci ilin sonuna 1 milyon 857 min manatlıq “gələcək dövrün gəlirləri” öhdəliyi də göstərilib. Halbuki, 2024-cü ilin sonunda bu maddə üzrə məbləğ qeydə alınmayıb. Dərc olunmuş sənədin müvafiq qeydində həmin öhdəliyin hansı əməliyyatlardan yarandığı izah edilmir.

Şirkətin müqavilə öhdəlikləri də 17,2 dəfə artaraq 10,03 min manatdan 172,8 min manata çatıb. Digər öhdəliklər isə 460,6 min manatdan 429,2 min manata enib.

İllik zərərin artması şirkətin ümumi kapitalına da təsir edib. AzTV-nin kapitalı 2024-cü ilin sonundakı 31 milyon 823 min manatdan 2025-ci ilin sonunda 27 milyon 602 min manata düşüb. Bu, 13,3 faiz azalma deməkdir.

QSC-nin nizamnamə kapitalı dəyişməyərək 10 milyon 725,8 min manat təşkil edib. Bölüşdürülməmiş mənfəət isə 23 faiz azalaraq 17 milyon 232 min manatdan 13 milyon 282 min manata enib.

Bununla belə, şirkətin cəmi aktivləri 4,4 faiz artaraq 34 milyon 164 min manatdan 35 milyon 663 min manata yüksəlib.

AzTV-nin uzunmüddətli aktivləri isə 30,1 milyon manatdan 29,6 milyon manata azalıb. Şirkətin balansındakı torpaq, tikili və avadanlıqların dəyəri bir ildə təxminən 1,57 milyon manat azalaraq 15,1 milyon manat təşkil edib.

Hesabatın müvafiq bölməsində qeyd olunur ki, 2025-ci ildə 1 milyon 210,7 min manat ilkin dəyəri olan maşın və avadanlıq, həmçinin 32,5 min manatlıq istehsalat alətləri və təsərrüfat inventarları uçotdan silinib. Eyni zamanda, il ərzində 536,7 min manatlıq yeni avadanlıq əlavəsi qeydə alınıb.

Şirkətin torpaq, tikili və avadanlıqlarının ümumi ilkin dəyəri 2024-cü ildəki 85,4 milyon manatdan 2025-ci ildə 84,8 milyon manata enib. İllik köhnəlmə xərcləri isə 2,49 milyon manatdan 2,24 milyon manata düşüb.

AzTV-nin cari aktivləri, əksinə, 48 faiz artaraq 4,08 milyon manatdan 6,04 milyon manata çatıb.

Bu artımda pul vəsaitlərinin çoxalması əsas rol oynayıb. Şirkətin pul vəsaitləri və onların ekvivalentləri 2024-cü ilin sonunda 31,2 min manat olduğu halda, 2025-ci ilin sonunda 1,99 milyon manata yüksəlib.

 

Hesabatda sığorta riskinə də diqqət çəkilib

Maliyyə hesabatında AzTV-nin əmlakına və fəaliyyətinə dəyə biləcək zərərin qarşılanması üçün tam sığorta təminatının olmadığı bildirilir.

“Cəmiyyət adekvat sığorta təminatını əldə edənə qədər, müəyyən aktivlərin itirilməsi və ya məhv olmasının Cəmiyyətin fəaliyyətinə və maliyyə vəziyyətinə ciddi mənfi təsir vuracağı riski mövcuddur”, - hesabatda qeyd edilir.

Sentyabrın 24-də rəsmiləşdirilmiş müstəqil auditor hesabatında isə şirkətin maliyyə hesabatlarına müsbət rəy verilib.

Bununla belə, AzTV-nin ictimaiyyətə təqdim etdiyi PDF sənədində bəzi səhifələr, o cümlədən mənfəət və zərər haqqında ayrıca hesabat yer almır. Bu səbəbdən şirkətin illik zərərinin gəlir və xərclərin hansı dəyişiklikləri nəticəsində yarandığını həmin sənəddən tam müəyyənləşdirmək mümkün deyil.

AzTV-nin səhmlərinin 100 faizi dövlətə məxsusdur və şirkət hər il dövlət büdcəsindən maliyyə yardımı alır.

Dövlət büdcəsinin təsdiq edilmiş göstəricilərinə əsasən, 2024 və 2025-ci illərin hər birində AzTV-yə 42 milyon 569 min manat maliyyə yardımı nəzərdə tutulub.

2026-cı ilin dövlət büdcəsində isə bu məbləğ 42 milyon 366 min manat müəyyən edilib. Bu, əvvəlki illə müqayisədə təxminən 203 min manat azdır.