AŞPA və ATƏT PA siyasi məhbuslarla bağlı bəyanat yayıb

30 oktyabr Beynəlxalq Siyasi Məhbuslar Günü münasibətilə AŞPA-nın Siyasi Məhbuslar üzrə Baş Məruzəçisi Azadə Rojhan (İsveç) və ATƏT Parlament Assambleyasının Siyasi Məhbuslar üzrə Xüsusi Nümayəndəsi Stiv Koen (ABŞ) birgə bəyanat yayıb. Bəyanatda Azərbaycandan AXCP sədri Əli Kərimlinin və başqa bir neçə siyasi məhbusun da adı çəkilir.

“1974-cü il oktyabrın 30-da Sovet İttifaqının müxtəlif yerlərində siyasi məhbuslar onlara qarşı rəftara etiraz etmək və öz vəziyyətlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə bir günlük aclıq aksiyası keçirdilər. Bu etiraz sonradan anım gününün yaranmasına səbəb oldu və həmin gün indi də öz aktuallığını qoruyur.

Ədalətsiz şəkildə həbs olunanları xatırlamaq onların cəsarət və əzablarının gizlədilməməsinə, adlarının unudulmamasına və buna görə məsuliyyət daşıyanların dünyanın biganəliyinə arxalana bilməməsinə kömək edir. Bu gün fikirlərinə və ya sadəcə kimliklərinə görə azadlıqdan ədalətsiz şəkildə məhrum edilmiş şəxslərdən bəzilərini xatırlayırıq" - deyə bəyanatda qeyd olunur və daha sonra Rusiya, Belarus, Azərbaycan və Türkiyədən olan bir neçə siyasi məhbusun adı çəkilir.

"Azərbaycanda Anar Məmmədli və Əli Kərimli, eləcə də Ülvi Həsənli, Fərid Mehralızadə və Ülviyyə Əli ilə bağlı işlər ifadə azadlığının, müstəqil vətəndaş və siyasi fəaliyyətin nə dərəcədə sıxışdırıldığını göstərir" - deyə Azərbaycanla bağlı hissədə qeyd olunur.

Bəyanatda bildirilir ki, qanunsuz həbslər siyasi və ya iqtisadi güzəştlərin əldə edilməsi vasitəsinə çevrilməməlidir:

"Ədalətsiz şəkildə həbs edilmiş şəxslərin azadlığa buraxılması öhdəlikdir, bazarlıq predmeti deyil.

Siyasi Məhbuslar üzrə Beynəlxalq Gün münasibətilə biz əsas hüquqlarından istifadə etdiklərinə görə həbs edilmiş bütün şəxslərin azadlığa buraxılması üçün fəaliyyətimizi davam etdirəcəyimizə söz veririk. Onlar evlərinə qayıda və müdafiə etdikləri dinc mövqelərinə görə təqib olunmaq qorxusu olmadan yaşaya bilənədək onların adları beynəlxalq gündəmdə saxlanılmalıdır."