Fazil Qasımov quru aclıq aksiyasına başlayıb

Həbsdə olan iqtisadçı Fazil Qasımov oktyabrın 17-də quru aclıq aksiyasına başlayıb.

Yaxınlarının "Toplum TV" ilə paylaşdığı müraciətində F.Qasımov səbəb kimi eyni iş üzrə məsuliyyətə cəlb olunmuş iqtisadçı Qubad İbadoğlunun Azərbaycandan çıxışına məhdudiyyətin götürülməsindən sonra özünün hələ də həbsdə qalmasını göstərib. O bildirib ki, bu, onun bərabərlik hüququnun pozuntusudur.

İqtisadçı təqsirsizlik prezumpsiyası, müdafiə, mülkiyyət, məhkəməyə müraciət etmək hüquqları və yaradıcılıq azadlığının da pozulduğunu əlavə edib.

"Bir sözlə, Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinin hüquqi savadının olmaması Azərbaycanı fəlakətə sürükləyir. Vəzifəli şəxslərin hüquqi savadsızlığı özbaşınalığa və kobud insan hüquqları pozuntularına səbəb olur. Mən Azərbaycan hakimiyyətinin hüquqi savadsızlığına və insan hüquqları pozuntularına qida və su qəbulundan imtina edərək, yəni quru aclıq aksiyası keçirərək etirazımı bildirirəm", - o qeyd edib.

Qubad İbadoğlu sentyabrın 29-da Azərbaycanı tərk edərək Almaniyaya gedib. O, "Azadlıq” qəzetinə açıqlamasında zərurət yaranarsa, ürəyindən açıq əməliyyat olunacağını bildirib.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub. O, saxta pul və ya xarici valyutanı satış məqsədilə hazırlama, əldə etmə və ya satma maddələri ilə ittiham olunurdu. Özü isə ittihamları rədd edir.

2024-cü ilin aprelində Q.İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri polis nəzarəti ilə əvəzlənib.

Eyni iş üzrə 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov ötən ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib. O da eyni maddə ilə təqsirli bilinib.