İsrail Prezidentinin Azərbaycana səfəri ətrafında qalmaqal böyüyür

İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ətrafında qalmaqal böyüyür. Türkiyə mediasının iddiasına görə, İsxak Hersoq oktyabrın 14-də AZAL-a məxsus, “Şuşa” adlı təyyarə ilə Türkiyənin hava məkanından keçərək Bakıya gəlib.

Türkiyə 2025-ci ilin avqustunda Qəzzadakı müharibəyə görə hava məkanını İsrailin üzünə bağlayıb. İsxak Hersoqun Bakıya bu formada uçmasının ardınca müzakirələrin intensivləşməsi Türkiyənin bu qərarı ilə bağlıdır.

Rəsmi Bakı məsələ ilə bağlı açıqlama verməsə də, dövlət televiziyası AZTV hazırladığı süjetdə iddianı dolayısı yolla təsdiqlənib. AZTV-nin süjetində İsrail Prezidentinin məhz AZAL-a məxsus, “Şuşa” adını daşıyan təyyarə ilə gəldiyi inkar edilmir. Oktyabrın 16-da səhər saatlarında hökumətyönümlü media videonu dövlət kanalına istinadən yaysa da, qısa müddət sonra material bütün platformalardan silinib.

Daha sonra APA bu iddiaları təkzib edən məlumat dərc edib. Məlumatda qeyd olunur ki, İsrail Prezidenti, onun köməkçisi və kiçik nümayəndə heyəti Bakı - Təl-Əviv - Bakı istiqamətində həyata keçirilən kommersiya reysi ilə Azərbaycana səfər edib. Onlar digər sərnişinlər kimi bilet alaraq təyyarə ilə uçublar.

“Yəni İsrail Prezidentinin Azərbaycana səfəri üçün xüsusi təyyarə və ya qeyri-adi uçuş təşkil edilməyib. O, kommersiya reysi ilə sərnişin kimi Azərbaycana gəlib”, – deyə APA yazır.

Daha sonra agentlik bu məlumatı yayan Türkiyə mediasını manipulyasiyada ittiham edib.

“Hər dəfə Azərbaycanla bağlı bir bəhanə axtarıb, “təftiş” edənlər bunu da manipulyasiya mövzusuna çeviriblər. Halbuki, kommersiya reysləri ilə səfər edən şəxslərlə bağlı eyni yanaşma tətbiq edilərsə, Türkiyə Hava Yolları, “Pegasus Airlines”, “AJet” və digər aviaşirkətlərin reyslərindən istifadə edən sərnişinlərin də araşdırılması zərurəti yaranar. İsrail Prezidentinin kommersiya reysi ilə bilet alaraq Azərbaycana səfər etməsi adi sərnişin uçuşudur. Onun hansı reyslə və hansı qaydada Bakıya gəldiyi barədə əsassız çağırışların irəli sürülməsinin məntiqi əsası yoxdur”, – deyə məqalədə deyilir.

Oktyabrın 14-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə Azərbaycana səfər edən İsxak Hersoqu Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin müavini Samir Şərifov qarşılayıb.

 

Qəzetçi