Həbsxanalardan aclıq aksiyasına daha 10 məhbus qoşulub

Orta məktəblərə hicablı şagirdlərin gəlişinə qadağalar fonunda etirazlar davam edir. Həftə boyu məktəblərə buraxılmayan hicablı qızlara dəstəklər təkcə ölkənin daxilindən deyil, xaricdən belə durmadan artmaqdadır. Beynəlxalq mətbuatın qınaq hədəfində olan azyaşlı hicablıların tədrisdən uzaqlaşdırılması sərt tənqid hədəfində mediaların əsas xəbərləri sırasındadır. Eyni halda, bu məsələdə hər bir təbəqədən olan insanlar da hicablılara dəstək nümayiş etdirməkdədirlər.

Məktəblilərə dəstək həbsxana divarları arasında cəza çəkən məhbuslar tərəfindən də gəlməkdədir. Umbakı ciddi qapalı müəssisəsindən Cahad Babakişizadə, Tural Nağıyev, 1 saylı İstintaq Təcridxanasından Samir Babayev, 10 saylı müəssisədən Vüqar Alıyev, 13 saylı həbsxanadan Elvin Zeynalov və 17 saylı cəzaçəkmə müəssisəsindən Xanəli Rüstəmov, Rəhman Bağırov, Ağamir Yaqubov, Elşad Əhmədov, Rəşad Manafov hicaba azadlıq şüarı ilə aclıq aksiyasına qoşulub.

Qeyd edək ki, Nazirlər Kabineti sentyabrın 21-də dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formasına dair qaydalara dəyişiklik edib. Baş nazirin imzaladığı qərara əsasən, məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir.

Qərarın qəbulundan sonra bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmamasını əks etdirən videogörüntülər də yayılıb.