Siyasi məhbus həbsxanadan hicab qadağasına etirazını bildirdi

 

Bismillahir-Rəhmanir-Rəhim

“Allah və Onun elçiləri ilə düşmənçilik edənlər özlərindən əvvəlkilər xar və rüsvay olduqları kimi, xar və rüsvay olacaqlar.” (Mücadilə 5)

Allahın ayələrində ibrət götürmək üçün nə gözəl örnəklər vardır.

Sözümüz və etirazımız Təhsil Nazirliyinə və aidiyyəti qurumlarda olan şəxslərədir.

İsveç, Norveç, Hollandiya, İtaliya, Britaniya və sair kimi Avropa ölkələrində orta və ali təhsil ocaqlarında hicabla təhsilə icazə verilərkən – bir halda ki, Azərbaycanın ali təhsil sistemi saydığımız ölkələrin orta təhsili səviyyəsində belə deyildir – bu halda necə ola bilər ki, xalqı müsəlman olan bir ölkədə hicaba qadağa qoyulsun?! Həm də çox gülünc bir bəhanə ilə...

Əlbəttə, bu işdə məsələ heç də təhsil dərdi deyil. Məsələnin kökündə İslam dininə qarşı kin-küdurət, qəzəb və nifrət dayanır.

Hicab bir baş örtüyüdür. İnsan başını bağlasa da, beyni, düşüncəsi və öyrənmək qabiliyyəti eynilə qalır. Təhsildə uğur qazanmaq insanın geyimindən yox, nə qədər çalışmasından, oxumasından və həvəsindən asılıdır. Bu sadə məsələni adi bir vətəndaşın bildiyi halda, necə olur ki, Təhsil Nazirliyi hicabı təhsilə maneə bilir?!

Demək, burada məsələ ayrıdır. Bu addım inanclı ailələrin övladlarını təhsildən məhrum etmək, onların uğurlarının qarşısını almaq, daha sonra isə onları cəmiyyətdə hər hansı sahədə çalışmaqdan məhrum etməyə hesablanıb.

Hələ uşaqlıq çağlarından kiçik dövlət sayılan ailələrdən əxlaq, vicdan və ədalət dərsi alan bu övladlarımızın cəmiyyətdə, ictimaiyyətdə olması görəsən kimləri və nə üçün bu qədər narahat edir?! Və həmin hicablı övladlarımızın orta və ali məktəblərdəki nizam-intizamları və uğurları göz qabağındadır.

Təhsil Nazirliyi və sair qurumlar üçün həqiqətən azərbaycanlı övladlarımızın təhsili əhəmiyyət kəsb etsəydi, o zaman ilk növbədə məktəb təhsili ilə qəbul imtahanı arasındakı uyğunsuzluğu və repetitor asılılığını aradan qaldırardılar.

Yuxarı sinif şagirdlərinin böyük hissəsi ali məktəbə hazırlaşmaq üçün məktəbdən kənar hazırlıqlara gedir. Bu halda ailənin düşdüyü maddi çətinliyi demirik. Zatən güclə dolanan ailənin bu xərclərini hesaba alan varmı? Niyə?

Çünki məktəblərdə keçirilən dərslərin formatı və qiymətləndirmə sistemi ilə Dövlət İmtahan Mərkəzinin test imtahanlarının mürəkkəbliyi tam uzlaşmır. Nəticədə səhər tezdən dərsə gedən məktəbli evə yorğun-arğın gəlib, bir tikə çörək yeyər-yeməz əlavə müəllimin yanına getməli olur.

Bu halda məktəblidə hansı psixoloji gərginliklər, fizioloji zəifliklər yaranır – görən nəzərə alan varmı?!

Və illərdir həllini tapmayan bu və başqa problemlər – məktəblərdə olan rüşvətxorluq, nizam-intizamsızlıq, şagird və müəllimlər arasında olan əxlaqi problemlər, regionlarda bərbad vəziyyətdə olan təhsil ocaqları və sair – görəsən niyə Təhsil Nazirliyini və aidiyyəti qurumları, şəxsləri narahat etmir və bir tədbir görülmür?!

Hələ kiçik sinif şagirdlərinin həddindən artıq yüklənməsi, lazımsız dərsliklərin uşaqlarda yaratdığı süstlüklər görəsən təhsilə maneə deyilmi?! Yoxsa bunlar planlı şəkildə azərbaycanlı övladlarımız üçün olunur?!

Bəli! Təhsil sistemimizdə, təhsil ocaqlarımızda böyük problemlər var və təcili tədbirlər görülməlidir. Ancaq bu problemlərin heç birinin Allahın əmri və ayəsi olan HİCABLA heç bir bağlılığı yoxdur.

Və Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində, “Ümumi təhsil haqqında” Qanunun 5.2-ci maddəsində dinindən, siyasi əqidəsindən asılı olmayaraq hər bir vətəndaşa ümumi təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verilmişdir.

Sonda bir daha vurğulayırıq: hicab İlahi ayə və əmr, eyni zamanda bizim ismətimiz və əqidəmizdir.

Kimsəyə icazə vermərik, canımız-qanımız bahasına olsa belə, övladlarımıza ismətsizliyi təbliğ etsin, hicablarına əl uzatsın və övladlarımıza qarşı təhqiramiz hərəkətlər etsin.

Ölkədə yetərincə problem vardır. Əlavə süni problemlər çıxarıb xalqın əsəbləri ilə oynamayın.

Vəssəlam

 

- Elvin Nəsirov

Lənkəran cəzaçəkmə müəssisəsi