Husilərin Ər-Riyad hava limanına raket hücumu: Pilot da daxil olmaqla üç nəfər həlak olub

Ər-Riyad hava limanına edilən iki raket hücumu uçuşların pozulmasına və diplomatların sığınacaqlara çəkilməsinə səbəb olub. Yəmən hökuməti Qırmızı dənizdə irəliləyiş əldə etdiyini iddia etdiyi halda, husilər mövqelərini qoruyub saxladıqlarını bəyan ediblər.

Ölkənin milli aviadaşıyıcısı olan "Saudia" cümə günü yaydığı bəyanatda təyyarənin kapitanı Hamud Əli Əl-Kalthaminin Kral Xalid Beynəlxalq Hava Limanındakı insident zamanı həyatını itirdiyini təsdiqləyib. Dərin kədər hissi keçirdiyini bildirən şirkət, pilotun xatirəsini hörmət və minnətdarlıqla yad edəcəyini qeyd edib. Cümə axşamı baş verən raket hücumları zamanı paytaxtda partlayış səsləri eşidilərkən, şəhərdəki diplomatlar təhlükəsiz yerlərə keçirilib, beynəlxalq məktəblərdə isə təhlükəsizlik tədbirləri görülüb. Ər-Riyadın Kral Xalid Beynəlxalq Hava Limanında çoxsaylı uçuşlar təxirə salınıb və ya ləğv edilib; hava limanı rəhbərliyi sərnişinləri səfərdən əvvəl aviaşirkətləri ilə əlaqə saxlamağa çağırıb.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi bildirib ki, raketlərin zərərsizləşdirilməsi əməliyyatları zamanı düşən qalıqlar Ər-Riyadda bir uşaq bağçasına və tibb kompleksinə ziyan vurub. İdarə mümkün xəsarətlər və ya ziyanın miqyası barədə təfərrüatlı məlumat verməyib.

Səudiyyə rəsmilərinin mülki hədəflərə dəyən ziyanı etiraf etməsi nadir hallarda baş verir. Son həftələrdə hutilərin hücumları ilə bağlı bəyanatlar da məhdud olub. Husilər, bir neçə gün əvvəl paytaxt Ər-Riyadın cənubundakı böyük bir neft emalı zavodunu hədəf aldıqdan sonra, Səudiyyə Ərəbistanındakı neft obyektlərinin işçilərinə ərazini tərk etmələri barədə xəbərdarlıq ediblər.

 

"Bütün sektorlarda böhran"

Mərkəzi rəhbərliyi Yəmənin şimal-qərbində yerləşən husilər, 2014-cü ildə müharibə başlayandan bəri paytaxt Sənanı və ölkənin əsas yaşayış məntəqələrinin böyük hissəsini nəzarətdə saxlayırlar.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Yəmən hökumətinə dəstək olmaq məqsədilə növbəti il ​​müharibəyə müdaxilə etdi.

Bununla belə, Səudiyyə Ərəbistanı və onun dəstəklədiyi Yəmən hökumət qüvvələri husilərin son hücumlarının qarşısını almaqda çətinlik çəkirlər. Hökumət qüvvələri Qırmızı dəniz sahili boyunca, o cümlədən qlobal enerji daşımaları üçün həyati əhəmiyyət kəsb edən Bab əl-Məndəb boğazı ətrafındakı əraziləri geri almaq üçün əks-hücum əməliyyatına başlayıb.

Yəmən hökuməti iddia edir ki, husilərə qarşı başladılan əməliyyatlar nəticəsində yaraqlıları Qırmızı dəniz sahilindəki strateji ərazilərdən və liman şəhəri olan Moxadan çıxarıb.

Lakin "Ənsar Allah" kimi də tanınan husilər nəzarətlərindəki əraziləri əllərində saxladıqlarını bildirirlər. Hər iki tərəfdən olan hərbi mənbələr döyüş meydanında qüvvələr nisbətində əhəmiyyətli bir dəyişiklik barədə məlumat verməyiblər.

Döyüşən tərəflərin bəyanatlarını müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb. Hadisələrin sürətlə dəyişməsi və jurnalistlərin bölgəyə çıxışında qarşılaşdıqları çətinliklər vəziyyəti izləməyi çətinləşdirir.

Dünyanın ən yoxsul ölkələrindən biri olan Yəməndə yenidən alovlanan zorakılığın əvəzini mülki əhali ödəyir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, iyul ayından bəri 200 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb.

Yəmənin qərbindəki Taiz şəhərində husilər hökumətin nəzarətində olan ərazini mühasirədə saxlayırlar. Bu vəziyyət şəhər sakinlərinin hökumətin müvəqqəti paytaxtı olan Ədənə çatmaq üçün istifadə etdikləri əsas təchizat yolunun kəsilməsinə səbəb olub. Taiz sakini Ümmü Rian çətinlikləri belə təsvir edib: "Hər sahədə böhran var: su, qaz, tərəvəz və əsas yaşayış üçün ehtiyac duyduğumuz digər hər şeydə."