Vahid geyim forması (dress-kod): nizam-intizam və dini etiqad azadlığı

Hər hansı bir qurumda vahid geyim formasının müəyyən edilməsi nizam-intizamın və institusional qaydaların tərkib hissəsidir. Uniforma geyinən əməkdaş psixoloji baxımdan təmsil etdiyi qurumun və daşıdığı vəzifənin məsuliyyətini daha dərindən hiss edir. Bu da onun xidməti öhdəliklərini daha məsuliyyətlə yerinə yetirməsinə müsbət təsir göstərə bilər. Buna tibb işçilərinin ağ xalatlarını, polis əməkdaşlarının və digər dövlət qurumlarının əməkdaşlarının xüsusi geyimlərini nümunə göstərmək olar.

Vahid geyim formalarını şərti olaraq üç kateqoriyaya ayırmaq mümkündür.

Birinci kateqoriya: Bədənin yalnız gövdə hissəsini əhatə edən geyim forması. Məsələn, üzərində qurumun loqosu olan köynək. Bu halda baş geyimi, şalvar və ayaqqabı vahid geyim formasının tərkib hissəsi hesab edilmir.

İkinci kateqoriya: Gövdə və qurşaqdan aşağı hissəni əhatə edən geyim forması. Məktəb və liseylərdə tətbiq olunan uniforma buna nümunədir. Burada əsas elementlər köynək və ya kofta ilə yanaşı, şalvar və ya ətəkdir. Baş geyimi və ayaqqabı isə uniformanın məcburi elementləri olmaya bilər.

Üçüncü kateqoriya: Gövdəni, qurşaqdan aşağı hissəni, baş geyimini və ayaqqabını əhatə edən tam uniforma. Bu forma, əsasən, polis, prokurorluq, ədliyyə və digər hüquq-mühafizə və güc strukturlarının əməkdaşlarına şamil olunur.

Beləliklə, vahid geyim tələblərinin daha geniş olduğu sahələrdən biri məhz güc strukturlarıdır. Lakin burada mühüm bir məqam ortaya çıxır: vahid geyim formasının qorunması ilə əməkdaşların dini etiqad azadlığına hörmət edilməsi bir-birinə zidd prinsiplər deyil.

Dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, xidməti uniformanı qorumaqla yanaşı, dini və mənəvi dəyərlərə də hörmətlə yanaşmaq mümkündür. Almaniya, İsveç, Norveç, Kanada və Polşa kimi ölkələrdə dini geyimlərlə bağlı müxtəlif yanaşmalara rast gəlinir. Bəzi hallarda hicablı qadınlar müvafiq uniforma ilə polis xidmətində çalışır, tibb işçiləri isə dini geyimlərini qorumaqla insanlara xidmət göstərirlər. Bu təcrübələr göstərir ki, uyğunlaşdırılmış geyim formaları vasitəsilə həm xidməti tələbləri, həm də dini etiqad azadlığını nəzərə almaq mümkündür.

Məsələnin texniki tərəfinə də diqqət yetirmək lazımdır. Beynəlxalq mülki aviasiyada şəxsiyyətin müəyyənləşdirilməsi üçün üz təsvirinin standartları mövcuddur. Üzün tanınması zamanı əsas məqsəd şəxsin identifikasiyasını təmin etməkdir. Baş örtüyü üzün tanınması üçün zəruri olan hissələri örtmədiyi halda, bir çox identifikasiya prosedurlarında dini baş örtüyünə imkan verən yanaşmalar tətbiq oluna bilər. Konkret tələblər isə müvafiq standartlardan və ölkənin qaydalarından asılıdır.

Məsələnin yalnız texniki və inzibati tərəfi deyil, insani və hüquqi tərəfi də var. İnsanların dini etiqadına, dünyagörüşünə və şəxsi seçimlərinə hörmət edilməsi cəmiyyətin demokratik inkişafının mühüm göstəricilərindəndir. Əlbəttə, bu azadlıqlar qanunla müəyyən edilmiş legitim məhdudiyyətlər çərçivəsində həyata keçirilir.

XXI əsr tərəqqi və inkişaf əsridir. İnsanların saç düzümü, saqqalı, bığı, baş örtüyü və geyim rəngi, qanuni və zəruri xidməti tələblər istisna olmaqla, əsassız müzakirə və məhdudiyyət predmetinə çevrilməməlidir. Çünki bu məsələlər insanın şəxsi həyatı, ləyaqəti, vicdan və dini etiqad azadlığı ilə sıx bağlıdır.

Qloballaşan dünyada müxtəlif xalqların və dini icmaların qarşılıqlı hörmət, anlaşma və mehribanlıq şəraitində yaşaması xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq tədbirlərdə müxtəlif xalqların nümayəndələrinin öz milli geyimləri və mənəvi dəyərlərini əks etdirən geyim üslubları ilə iştirak etməsi də bu müxtəlifliyin təbii qəbul edildiyini göstərir.

Deməli, vahid geyim forması ilə dini etiqad azadlığı arasında tarazlıq yaratmaq mümkündür. Bunun üçün məsələyə qadağalar prizmasından deyil, hüquqi əsaslandırma, qarşılıqlı hörmət və praktik həll yolları baxımından yanaşmaq lazımdır. Geyim qaydalarını qorumaq naminə dini etiqad azadlığını əsassız şəkildə məhdudlaşdırmaq əvəzinə, hər iki prinsipi uzlaşdıran həll yollarına üstünlük verilməlidir. Bu məsələni həddindən artıq qabartmaq əvəzinə, qarşılıqlı anlaşma və hüquqa hörmət əsasında həll etmək daha məqsədəuyğundur.

Təşəkkür edirəm.

 

Hörmətlə, Vicdan məhbusu Vüsal Nadiroğlu