Şəmşad Ağa səhhətində yaranan problemlərlə əlaqədar müalicə müəssisəsinə köçürülüb

“MeydanTV” işi üzrə həbsdə olan, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev) səhhətində yaranan problemlərlə əlaqədar müalicə müəssisəsinə köçürülüb.

Bu barədə jurnalistin yaxınları “Meydan TV”yə məlumat veriblər.

Bildirilir ki, Şəmşad Ağa 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (“tubzon”) aparılıb.

Məlumata görə, “Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin də səhhətindəki problemlərlə bağlı bu həftə müalicə müəssisəsinə köçürülməsi gözlənilir.

Aynur Elgünəşin səhhətinin ağırlaşması barədə oktyabrın 8-də məlumat yayılıb. Jurnalistin yaxınları onun böyrəklərində ciddi problemlərin yarandığını, kəskin ağrılardan və yüksək qan təzyiqindən əziyyət çəkdiyini deyiblər.

Rəsmi qurumlardan jurnalistlərin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı məlumatı təsdiqlətmək hələki mümkün olmayıb.

“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi” üzrə həbs ediliblər.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.