Gülmirə Aslanova: “15 saylı CÇM-in rəisi Polad Aslanovu öz iş otağında döyüb”

Həbsdə olan “Xeberman.com” saytının rəhbəri, jurnalist Polad Aslanov 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ramiq Nəsibov və Teymur adlı əməkdaşın onu döydüyünü iddia edib.

Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova oktyabrın 29-da sosial şəbəkə hesabında məlumat yayıb.

Gülmirə Aslanova bildirib ki, həmin gün Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayevin qəbulunda olub. Görüşdə rəis müavini Fikrət Qafarov da iştirak edib.

Aslanova aclıq aksiyası keçirən həyat yoldaşının səhhətindən narahat olduğunu bildirərək onunla görüşə şərait yaradılmasını istəyib. Lakin onun sözlərinə görə, Sahib Rzayev görüşə icazə verilməyəcəyini, yalnız jurnalistin ailəsinə zəng etməsinə şərait yarada biləcəyini deyib.

“Təxminən bir saat sonra Polad evə zəng vurdu və övladı ilə danışdı. Övladı göz yaşları içində israrla atasından aclıq aksiyasını dayandırmağı xahiş etdi. Lakin Poladı razı sala bilmədik”, - deyə Gülmirə Aslanova bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı jurnalist oktyabrın 12-də aclıq aksiyasına başladığı gün döyüldüyünü bildirib.

Polad Aslanov iddia edib ki, hadisə 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ramiq Nəsibovun iş otağında baş verib:

“Müəssisəyə yeni təyin olunmuş Teymur adlı əməkdaş rəisin otağında qolumu arxaya buraraq məni yerə yıxdı və rəis Ramiq Nəsibov məni döydü”.

Gülmirə Aslanova bildirib ki, həyat yoldaşı baş verənlərlə bağlı təcili vəkillə təmin olunmasını istəyib.

Onun sözlərinə görə, jurnalist döyüldükdən sonra cərimə kamerasına (“kars”) salınıb. Oktyabrın 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülsə də, hələ də cərimə kamerasında saxlanılır.

Aslanova həyat yoldaşının səhhətinin ağırlaşdığını da bildirib. Onun sözlərinə görə, jurnalistin çəkisi və arterial təzyiqi hər gün yoxlanılır. Son ölçmə zamanı Polad Aslanovun çəkisi qalın, isti geyimlə birlikdə 42 kiloqram 300 qram olub.

Bundan əvvəl jurnalistin həyat yoldaşı onun aclıq aksiyasına 52 kiloqram çəki ilə başladığını, həkimlərin isə vəziyyətinin ağırlaşaraq komaya düşmə riski barədə xəbərdarlıq etdiyini bildirmişdi.

Gülmirə Aslanovanın sözlərinə görə, Polad Aslanov aclıq aksiyasını dayandırmaq niyyətində olmadığını deyib.

O, həmçinin bildirib ki, 15 saylı Cəzaçəkmə Müəssisəsindən gətirilən Zeynal Bayramov və 11 saylı Cəzaçəkmə Müəssisəsindən köçürülən Fuad Ələsgərov da aclığı davam etdirirlər. Hər iki məhbusun cərimə kamerasında təcrid olunmuş vəziyyətdə saxlanıldığı bildirilir.

Polad Aslanov oktyabrın 8-də məktəblərdə hicabla bağlı tətbiq olunan məhdudiyyətlərə etiraz olaraq aclıq aksiyasına başladığını açıqlamışdı.

Həyat yoldaşının sözlərinə görə, Ədliyyə Nazirliyinin əməkdaşı Anar Quluzadə jurnalistlə görüşərək hicabla bağlı məsələnin həll olunacağını bildirib. Bundan sonra Aslanov aclığı dayandırsa da, oktyabrın 12-də yenidən aksiyaya başlayıb.

Jurnalistin döyülməsi, saxlanma şəraiti və səhhəti ilə bağlı səsləndirilən iddialara Penitensiar Xidmətindən və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

“Xeberman.com” saytının rəhbəri Polad Aslanov 2019-cu il iyunun 12-də həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum olunub.

Jurnalist ittihamı qəbul etmir, peşə fəaliyyətinə görə cəzalandırıldığını bildirir.