Umbakıda baxımsızlıq səbəbindən məhbus quru aclığa başlayıb

Oktyabrın 28-dən quru aclığa başlayan məhbus Nadim Mehdiyevin anası oğlunun bu addımını müəsisənin həkimi Kənan Həsənlinin oğluna qarşı laqeyd və aşağılayıcı davranışları ilə əlaqələndirir: “Səhhətində ciddi problem olan məhbusu heç kimi qəbul eləmir. Oğlum Nadim bir ildən artıq vaxtdır ki, mədə, bağırsaqla və böyrəkləri ilə bağlı problemlər yaşayır.
Onun şiddətli ağrılardan əziyyət çəkdiyini orada hər kəs bilir. Bütün bu problemlərlə bağlı çıxsaylı müraciətlərdən sonra bu ilin sentyabr ayında Nadim Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürüldü. Bir həftə boyunca orda saxlanılaraq müayinə olunsa da, xüsusi bir müalicə olunmadan geri qaytarıldı.
Geri gəldikdən bir müddət sonra Nadim Umbakının tibbi məntəqəsinə köçürüldü. Burada edilən müalicələr də effeksiz oldu. Umbakıdan onun yenidən Müalicə Mərkəzinə köçürülməsi ilə bağlı qərar qəbul edildi.
Müalicə Mərkəzinə bu dəfəki gəlişindən sonra komissiya təşkil edildi. Müalicəyə başlama ərəfəsində müəsisənin rəisi Mayıl Məmmədov göstəriş verdi ki, Nadim yenidə Umbakıya qaytarılsın. Qəribəsi isə o oldu ki, Nadimin tibbi kartında heç bir qeydiyyat aparilmadan sənədi boş olaraq Umbakiya göndərildi.”
Oğluna qarşı belə bir davranışı ana həbsxanalarda tibbi məntəqələr, Müalicə Mərkəzinin “ödənişli” olması ilə əlaqələndirir. O, bildirir ki, Nadimin baxımsızlığı onların “lazımı ödənişləri” edə bilməməsidir. Bu isə artıq illərdir ki, məhbusları ödənişlə müalicə və müayinə edən sistem üçün yeni hal deyil.
Ana hal-hazırda oğlunun baxımsızlıq səbəbindən quru-ölüm aclığına başlamasına əsas səbəb olaraq Umbakı müəsisəsində həkim Kənan Həsənlini müqəssir bilir. Ciddi ağrılar və baxımsızlıq şəraitində ölümə məhkum olunduğunu bildirən Nadim isə belə şəraitdə quru aclığa başlamaqdan başqa əlindən bir şey gəlmədiyini bildirərək aclıq aksiyasına başlayıb.
Xatırladaq ki, Nadim Mehdiyev 2022-ci ildə dindarların kütləvi şəkildə həbs edildiyi dönəmdə saxlanılmış və narkotiklərlə bağlı ittiham edilmişdi.