Media və Yayım Şurası, həbsxanalarda girov saxlanılan azad söz keşikçiləri haqda nə zaman səsiniz çıxacaq?

“Toplum TV işi” üzrə 12 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Fərid İsmayılov son günlər hökumətyönlü media qurumlarının əməkdaşlarına qarşı baş verən hücumlar və rəsmi qurumların bu hadisələrə reaksiyası barədə yazı qələmə alıb.

Jurnalist yazısında Daxili İşlər Nazirliyi və Media və Yayım Şurasının sözügedən hadisələrə münasibətini həbsdə olan müstəqil jurnalistlərlə bağlı mövqeləri ilə müqayisə edir.

Fərid İsmayılovun yazısını olduğu kimi təqdim edirik.

“Son günlərdə hökumətin nəzarətində olan media qurumlarının əməkdaşları ard-arda hücumlara məruz qalırlar. Daxili İşlər Nazirliyi (DİN) insidentlə bağlı cinayət işi başlayıb, Media və Yayım Şurası (MYŞ) isə bəyanat yayıb.

DİN özü son 3 ildə azı 20 jurnalisti oğurlayaraq həbs edib, onlara zorakılıq göstərib. MYŞ baş verən bu şərləmələrə susub. Jurnalist Elmar Hüseynovun qatili (qatilləri) hələ də cəzalandırılmayıb (cəzalandırılmayıblar), MYŞ bu cinayət işinin nəticəsini tələb etmir. Beynəlxalq təşkilatlar həbsxanalarda girov saxlanılan jurnalistlərin azadlığını tələb edir, MYŞ bir dəfə də olsun bəyanat yaymır.

MYŞ baş verən mirzə döyülmələrini “cəmiyyətin məlumat almaq hüququna təhdid” kimi qiymətləndirir. Lakin reallıq fərqlidir. Hər gün vətəndaşı təhqir edən, onun haqqının tapdalanmasını “malalayan” mirzələrə cəmiyyət belə reaksiya verir.

“Jurnalist toxunulmazdır” tezisinin qırılmasında aktiv iştirak edən mirzələr bu gün özləri hədəfə çevrilirlər. Cəmiyyətdən istədikləri dəstək isə əbəsdir. Cəmiyyət bu gün onun səsi olmayan hakimiyyət mirzələrini söz, qələm əhli hesab etmir. Buna görə də bu cür zorakı reaksiyalar ortaya çıxır.

Media və Yayım Şurası, həbsxanalarda girov saxlanılan azad söz keşikçiləri haqda nə zaman səsiniz çıxacaq? Sualım ritorikdir. Çünki sizə azad söz lazım deyil. Yumruğu atan da, buna şərait yaradan da özünüzsünüz”.