Putinlə görüşdə Rusiya qazının İrana Azərbaycan üzərindən verilməsi müzakirə olunub

İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib ki, noyabrın 5-də Vladimir Putinin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ilə görüşündə Rusiya qazının İrana Azərbaycan üzərindən verilməsi variantı da müzakirə olunub.

Səfirin sözlərinə görə, təxminən üç saat davam edən görüşdə Rusiya qazının İrana tədarükü layihəsinin icra məsələlərinə ətraflı baxılıb. Cəlali deyir ki, uzunmüddətli qaz kəməri layihəsindən başqa, əməkdaşlığı qısa müddətdə başlamaq üçün qazın Azərbaycan üzərindən əvəzləmə (svop) yolu ilə verilməsi də nəzərdən keçirilib. Bu sxemdə Rusiya qazı Azərbaycana verilir, Azərbaycan isə müqabilində İrana qaz ötürür.

Cəlali əlavə edib ki, görüşdə Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tamamlanması və onun İran hissəsi olan Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi də müzakirə olunub. Səfir həmçinin nüvə və müdafiə sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıldığını deyib.

Rusiya qazının İrana Azərbaycan ərazisindən keçməklə verilməsi ideyası yeni deyil: 2024-cü ildə “Qazprom” və İranın Milli Qaz Şirkəti Rusiya qazının İrana tədarükünə dair memorandum imzalamışdılar, o vaxt İran rəsmiləri qazın Azərbaycan üzərindən verilə biləcəyini bildirmişdilər. Azərbaycan hökuməti səfirin sözlərinə hələlik münasibət bildirməyib.