Bəhreyn məhkəməsi onlarla din xadiminə ağır cəzalar verib

Bəhreynin Ali Cinayət Məhkəməsi bu gün ölkənin 53 din xadimi və tanınmış dini şəxsiyyəti barəsində ömürlük həbsdən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzaları çıxarıb.

Məhkəmənin hökmü ilə Ayətullah Şeyx İsa Qasim, Əllamə Şeyx Əli əs-Sədadi və Şeyx Məhəmməd Sənqur ömürlük azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Bəhreyn hakimiyyəti əvvəlcə 60-a yaxın şiə ruhani və ictimai-dini xadim də daxil olmaqla 69 müttəhimin işinə noyabrın 22-də baxmağı planlaşdırırdı. Ayətullah Şeyx İsa Qasim isə məhkəmə prosesinə etiraz olaraq xalqı həmin gün kütləvi nümayişlərə çağırmışdı.

Məlumata görə, rəsmi Manama kütləvi aksiyaların qarşısını almaq məqsədilə məhkəmə iclasının vaxtını qəfil önə çəkərək hökmləri bu gün elan edib.

Bəhreynin “Əl-Vifaq” partiyası yazıb: “Bu hökm Al-Xəlifə rejiminin Bəhreynin din xadimləri və dini fəallarına qarşı məhkəmə və təhlükəsizlik tədbirlərini sərtləşdirməsinin davamı olaraq çıxarılıb.” Bu hadisə Bəhreynin 40 günlük müharibədən sonra din xadimləri və dini fəalların genişmiqyaslı həbsi, həmçinin çox sayda vətəndaşın vətəndaşlıqdan məhrum edilməsi dalğası ilə üzləşdiyi bir şəraitdə baş verir.

Onu da qeyd edək ki, Ayətullah Şeyx İsa Qasim ölkəsində olmadığı üçün ona qiyabi ömürlük həbs cəzası hökmü verilib.