İsrail ordusunun Qəzzanın mərkəzindəki əməliyyatından sonra 6 min fələstinli yenidən köçkün düşüb

İsrail ordusu Qəzza zolağının mərkəzində, Nuseyrat qaçqın düşərgəsinin şimalında quru əməliyyatı keçirib. Qəzza hökumətinin Mətbuat Ofisinin məlumatına görə, noyabrın 18-də təxminən 6 min fələstinli çadır və müvəqqəti sığınacaqlarını tərk etmək məcburiyyətində qalıb.

İsrail ordusu ərazidəki üç məhəllə üçün məcburi təxliyə əmri verib. Ordu əməliyyatın Həmasa məxsus olduğunu iddia etdiyi tuneli hədəf aldığını və tunelin hərbçiləri üçün təhlükə yaratdığını deyir. Noyabrın 19-da ordu əməliyyatı başa vurduğunu və Qəzzanın şimaldan cənuba uzanan əsas yolu olan Salah əd-Din küçəsini yenidən açdığını bildirib.

Həmas əməliyyatı atəşkəsin pozulması adlandırıb, İsrail ordusu isə atəşkəsi Həmasın pozduğunu iddia edir. Qəzzanın səhiyyə orqanlarına görə, atəşkəs qüvvəyə minəndən bəri 1600-dən çox fələstinli öldürülüb.

“Al Jazeera” telekanalının müxbirinin danışdığı köçkünlər əməliyyat zamanı güllələrin çadırları deşdiyini, düşərgə üzərində dron uçduğunu və ailələrin hara gedəcəklərini bilmədən qaçdığını deyib. Onların bir çoxu artıq neçənci dəfədir ki, yerini dəyişməli olur. Bəzi sakinlər geri qayıtsa da, digərləri atışmaların davam etdiyini və yolun təhlükəli olduğunu deyir.

BMT-nin humanitar məlumatlarına görə, Qəzzada təxminən 1,4 milyon fələstinli çadırlarda və ya müvəqqəti sığınacaqlarda yaşayır. BMT Qəzza zolağını 1967-ci ildən İsrailin işğal etdiyi ərazi sayır; 2023-cü ilin oktyabrında başlayan müharibə ərazinin böyük hissəsini dağıdıb.