Cəbhəçinin qardaşı: " Babək Həsənova qarşı təzyiqlərə son qoyulub"

"Digər məhbuslarla yanaşı ona da Ombudsman Aparatının əməkdaşları baş çəkiblər”
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Babək Həsənov karantindən ümumi saxlama şəraitinə keçirilib və ona qarşı təzyiqlərə son qoyulub.
 
Məlumatı məhbus cəbhəçinin qardaşı Cavid Həsənov yayıb.
 
Cavid Həsənov deyib ki, mayın 21-də qardaşı onlarla telefon əlaqəsi saxlayıb, "karantin"dən ümumi baraka keçirildiyini bildirib: "Ona qarşı təzyiqlərə son qoyulub. Digər məhbuslarla yanaşı ona da Ombudsman Aparatının əməkdaşları baş çəkiblər”.
 
Cavid Həsənovun sözlərinə görə, qardaşına təzyiqlərə son qoyulmasında ictimaiyyətin diqqəti, sosial şəbəkələrdə və KİV-də müzakirələr mühüm rol oynayıb: "Çünki qardaşına münasibətin dəyişməsi 6 saylı həbsxanada ona qarşı qeyri-insani rəftar barədə faktlar açıqlandıqdan sonra baş verib”.
 
Mayın 15-də B.Həsənov Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra məlum olub ki, onu "karser”ə salaraq alçaldıcı hərəkətlər ediblər.
 
Mayın 19-da qardaşı Cavidi fəalın yanına buraxıblar. O, mənəvi-psixoloji təzyiq və hədə faktlarını təsdiqləyib.
 
B.Həsənov 2018-ci il mayın 25-də Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin AXCP-yə maliyyə yardımı göndərməsilə bağlı cinayət işilə əlaqədar həbs olunub.
 
Meydan.Tv