"Yanvarın 25-də "Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov, onun qardaşı oğlu və AXCP fəallarının cinayət işi üzrə" məhkəmə prosesində iştirak üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına toplaşanlardan 11 şəxs saxlanıb”
Bunu Azadlıq Radiosu-na Azərbaycan Xalq Cəbhəsi Partiyası-ndan (AXCP) bildiriblər.
Verilən məlumata görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə AXCP fəalları Orxan Səlimzadə, Ayaz Qasımov və Mehdi Nagıyev-in hər birinə 30 sutka inzibati həbs cəzası verib. Daha 2 fəalın Kənan Əzizli və Ceyhun Arif-in isə 200 manat cərimə edildiyi açıqlanıb.
AXCP bildirir ki, partiyanın fəalları Xəyal Əliyev, Fuad Tağızadə və Mahir Rüstəmli isə 50 manat cərimə edilib. Daha 2 fəalın isə şifahi xəbərdarlıq edilərək sərbəst buraxıldığı söylənir.
AXCP-dən verilən məlumata görə, saxlananlardan sonuncusu Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov isə elə yoldaca sərbəst buraxılıb.
Partiyadan bildirildiyinə görə, inzibati qaydada cəzalananlar polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılıblar.
Bu deyilənlərə, hələlik, Nəsimi Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan isə münasibət almaq mümkün olmayıb.
Bundan evvəl, ötən həftə də eyni işə baxılarkən Bakı Ağır Cinayətlər Məhkəməsininin binası qarşısında dayanan AXCP fəallarından bir neçəsi saxlanmışdı.Onlardan da bəziləri polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılaraq inzibati həbs və cərimə cəzalarına layiq görülmüşdülər.
AXCP-nin məlumatına görə, son həftələr 27 cəbhəçi 10 sutkadan 30 sutkaya kimi inzibati həbs cəzası alıb. Onlar əsasən polisin qanuni tələbini yerinə yetirməmə və başqa oxşar əmməllərdə ittiham ediliblər.
AXCP verilən ittihamları qəbul etmir.
Daha 3 cəbhəçi həbs edilib
Oxşar xəbərlər