Quru sərhədləri niyə açılmır?

"Quru sərhədlər artıq 5 il 3 aydır qapalıdır.
Yaxın vaxatlarda açılacağına da güman yoxdur. Gülməli olsa da, rəsmən bunu artıq çoxdan bəşəriyyətin həyatından silinmiş COVİD-19-la sənədləşdirirlər. Amma açıqlamalarda fərqli şeylər deyirlər. Guya 5 ildir quru sərhədlərin qapalı saxlanması təhlükəsizlik məsələdir. Hətta İlham Əliyev dəfələrlə açıqlama verib ki, quru sərhədlərin qapalı olması bizi böyük təhlükələrdən xilas edib. Son vaxtlar deputatlar və vəzifəli şəxlər də tutuquşu kimi izahı verilməyən bu “təhlükə nağlını” təkrar edirlər.
Nədir bu təhlükə və haradan gəlir? Millətin bu ritorik suala cavab almaq haqqı var. Dünyada neçə ölkənin sərhədləri qapalıdır? Bizdən başqa “təhlükəsizlik” qayğısına qalıba sərhədlərin qapayan ayrı ölkə niyə yoxdur? O hansı təhlükədir quru yolla gələ bilər, amma təyyarə ilə gələ bilməz? Belə bir mücərrəd təhlükə varsa sərhədləri möhkəmləndirmək lazımdır. Amma, axı sərədlərin möhkəmləndirilməsi onun uzun illər boyu qapadılması demək deyil.
Bizimlə həmsərhəd olan ölkələrin hamısının – Türkiyənin, İranın, Gürcüstanın, Ermənistanın, Mərkəzi Asiya ölkələrinin, müharibə aparan Rusiyanın, təcavüzə məruz qalan Ukraynanın, avtoritar, totalitar, communist, qeyri-kommunist, monarxiya ölkələrinin hamsının xarici aləmlə sərhədləri açıqdır. Nə oldu, elə bu təhlükə tək bizim üçün gəldi? Və hətta bu mücərrəd təhlükə varsa belə sərhəddin qapalı saxlanması ona əsasən qapadılmalıdır. 5 il 3 aydır sərhəddin qapalı saxlanmasının COVİD-19-la əsaslandırılması gülüncdür, bunu edənlər də özlərini gülünc vəziyyətə salırlar. Axı hər bir şeyin ağıla batan bir izahı olmalıdır.
Belə “təhlükə” olanda alternativ vasitə kimi hava yolu ucuzlaşdırılmalı idi. Azərbaycan hakimiyyəti isə həm mübhəm təhlükəni uydurub sərhədləri qapadır, həm də təyyarə biletlərinin qiymətin dəfələrlə artırır. Artıq neçə ildir Gürcüstanda yaşayan azərbaycanlılar ölüsünə skype ilə bağlayır. Bir qazaxlı 15-20 km sərhədin o biri tərəfində yaşayan yaxın qohumuna yasına getmək üçün gərək Bakıya gəlib Tbilisiyə uçsun. Rusiya, İran, Türkiyə ilə də vəziyyət belədir. Uzun müddət Bakı dəniz limanı vasitəsi ilə Ənzəliyə, Krasnavidskiyə, Mahaçqalaya, Astarxana və digər yerlərə sərnişin gəmilər işləyib. Əgər artıq bu ləğv edilibsə bu limanı saxlamağın adı nədir?
Zaman-zaman insanlar sərhədyanı ticarətdən öz dolanışıq ehtiyacların təmin etmək üçün istifadə edib. Milyonlar insan həm bizim ölkədən, həm də həmmərz olduğumuz ölkələrdən faydalanırdı, ailəsin dolandırır, balasına çörək qazanırdı. İndi bu mücərrəd təhlükəni uydurub hər yeri qapatdılar. Hamı Əliyevlərin daxili bazarda diktə etdiyi monopolist qiymətlərin əsirinə çevrilib. COVİD Əliyevlər üçün göydəndüşmə olub. Karantin tək siyasi azadlıqları, millətin hərəkət azadlığın məhdudlaşdırmır, millətin mənəvi-sosial həyatına ağır zərbə vurur, dolanışıq imkanların əlindən alır.
Bu COVİD-i, mücərrəd təhlükəni zadı boş verin, 5 il 3 aydır quru sərhədlərin qapalı saxlanması qapalı cəmiyyət yaratmaq, hakim ailənin varlanmasını stimullaşdırmaq, ailənin nəzarətində Azərbaycan boyda daxili bazar formalaşdırmaq planının tərkib hissəsidir. Çətin ki, Əliyevlər quru sərhədləri açsınlar".
 
 
Cəmil Həsənli
Milli Şuranın sədri.