Fotojurnalist Əhməd Muxtar “Meydan TV işi” üzrə həbs olunub

O dünən, avqustun 27-də saxlanılıb. Bu gün Xətai Rayon Məhkəməsində Əhməd Muxtar barəsində 40 günlük həbs qətimkan tədbiri seçilib.
Əhməd Muxtarın hüquqlarını dövlət tərəfindən təyin olunmuş vəkil müdafiə edəcək.
Əhməd Muxtar “Meydan TV işi” üzrə həbs olunan sayca 12-ci şəxsdir.
Bu gün həm də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
İş üzrə həbs edilən jurnalistlər ümumilikdə Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunurlar.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.