Bakıda SSRİ bayrağı qaldıraraq videoçəkiliş edən şəxslər həbs olunub

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilən tədbirlər nəticəsində Abdulla İbrahimli, İbrahim Əsədli və adı açıqlanmayan digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.
"İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub", - xəbərdə qeyd olunub.
"Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb", - deyə əlavə olunub.
İstintaq tədbirlərinin davam etdirildiyi bildirilir.
Saxlanılan şəxslərdən İbrahim Əsədli ixtisasca həkimdir və Valeologiya və İnteqrativ Nəbatət Mərkəzinin rəhbəridir.