Avropada qaz qiymətləri 25% artdı

Qaz bazarında kəskin bahalaşma

ABŞ-ın aparıcı nəşrlərindən olan The Wall Street Journal yazır ki, İrana qarşı aparılan müharibənin təsiri ilə Avropada təbii qazın qiyməti təxminən 25 faiz artıb. Qəzetin məlumatına görə, qitə hələ də Qərbi Asiyadakı hərbi gərginliyin enerji bazarına təsirlərinə qarşı həssas olaraq qalır.

Xüsusilə, İranın cavab addımları çərçivəsində strateji əhəmiyyətə malik Hörmüz boğazında kommersiya gəmiçiliyinin demək olar ki, dayanması qlobal enerji təchizatına dair riskləri artırıb. Bu boğazdan gündəlik milyonlarla barel neft və böyük həcmdə mayeləşdirilmiş təbii qaz daşınır.

2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra Avropa ölkələri Rusiya enerji resurslarından asılılığı azaltmaq istiqamətində ciddi addımlar atıb. Nəticədə, Rusiya qazının payı əhəmiyyətli dərəcədə azalıb və alternativ mənbələrə yönəlmə sürətlənib.

Hazırda Avropaya idxal olunan mayeləşdirilmiş təbii qazın böyük hissəsi Qətərdən tədarük edilir və bu yüklər əsasən Hörmüz boğazı vasitəsilə daşınır. Sözügedən marşrutda yaranan hər hansı fasilə isə dərhal qiymətlərə təsir göstərir.

Enerji bazarı üzrə ekspertlər bildirirlər ki, Avropa alternativ təchizat zənciri qurmağa çalışsa da, Yaxın Şərqdəki sabitlik qaz qiymətlərinin formalaşmasında hələ də həlledici rol oynayır.

 

Qış mövsümü və ehtiyatların azalması

Avropa ölkələri hazırda qaz ehtiyatlarının bərpası mərhələsindədir. Qış mövsümündə istilik tələbatının artması regional anbarlardakı ehtiyatların azalmasına səbəb olub. Bu isə idxalın həcmini artırır və bazarda rəqabəti gücləndirir.

Analitiklərin fikrincə, Avropa böyük həcmdə mayeləşdirilmiş təbii qaz idxal etməyə məcburdur ki, növbəti istilik mövsümünə qədər strateji ehtiyatlarını bərpa edə bilsin. Mövcud geosiyasi risklər isə bu prosesi daha bahalı və mürəkkəb edir.

2022-ci ildə Ukraynada müharibənin başlanmasından sonra yaranan qaz böhranı Avropa iqtisadiyyatına ciddi təsir göstərmişdi. Bir sıra sənaye müəssisələri fəaliyyətini dayandırmış, inflyasiya səviyyəsi kəskin yüksəlmişdi.

Mövcud vəziyyət həmin dövrdə yaşanan enerji şokunun təkrarlanması riskini gündəmə gətirir. Ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə münaqişənin dərinləşməsi Avropada enerji qiymətlərinin daha da artmasına səbəb ola bilər və bu, sənaye istehsalına, eləcə də əhalinin sosial rifahına mənfi təsir göstərə bilər.