Azərbaycana turist axını azalır

Azərbaycan turizmi üçün milyonlarla manatlıq reklam kampaniyaları aparılır, ölkə xarici telekanallarda, bloqerlər vasitəsilə “cəlbedici istiqamət” kimi təqdim olunur. Amma rəsmi statistika başqa mənzərə göstərir: turist axını azalır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana turizm məqsədilə 418,2 min əcnəbi gəlib. Bu, ötən ilin eyni dövründən 76,5 min nəfər, yəni 15,5 faiz azdır.
Azalma təkcə turist sayında deyil, xərclərdə də görünür. Bu ilin ilk 4 ayında turistlər Azərbaycanda 697 milyon manat xərcləyib. Halbuki ötən ilin eyni dövründə bu rəqəm 903 milyon manat idi. Başqa sözlə, turist xərcləri 23 faiz azalıb.
Ən kəskin geriləmə Hindistandan gələn turistlərdə qeydə alınıb: onların sayı təxminən 76 faiz azalaraq 18 min nəfərə düşüb. BƏƏ-dən gələnlərin sayında da ciddi azalma var – 70,7 faiz. Səudiyyə Ərəbistanı və Pakistandan gələn turistlərin sayında da eniş müşahidə olunur.
Bu fonda ən çox turist yenə Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstandan gəlib. Amma Rusiyadan gələnlərin sayında da azalma var.
Maraqlı detal odur ki, turistlərin xərclərinin ən böyük hissəsi istirahətə yox, nəqliyyata gedib. Ümumi xərclərin 45,6 faizi, yəni 317,9 milyon manatı nəqliyyat xidmətlərinə sərf olunub. Bu da aviabiletlərin və ölkəyə gediş-gəlişin bahalığının turizmə necə təsir etdiyini göstərir.
Rəsmi rəqəmlər bir sualı açıq saxlayır: bahalı reklam kampaniyaları turist gətirmirsə, bu pullar nə qədər səmərəli xərclənir?