İllüziya, yoxsa həqiqət?

Son həftənin media mənzərəsinə nəzər saldıqda ortaya çıxan tablo sözün həqiqi mənasında narahatedicidir. Hadisələrin ardıcıllığına baxdıqca hüquqi müstəvidə belə ümidlərin necə sürətlə tükəndiyini görmək olur. Beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqları, həbslər, təzyiqlər və işgəncə iddiaları ilə bağlı ardıcıl narahatlıqlarını ifadə etdikləri halda, ölkə daxilində baş verənlər bu xəbərdarlıqların təsadüfi olmadığını düşündürür.

Norveç Helsinki Komitəsi qadın jurnalistlərin həbsi ilə bağlı yaydığı bəyanatda Azərbaycanın müstəqillik tarixində ilk dəfə bu qədər qadın jurnalistin eyni vaxtda həbsdə olduğunu vurğulayır. Digər tərəfdən, jurnalist Əfqan Sadıqov haqqında həbs qətimkan tədbiri seçilir.

Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiya funksioneri Məmməd İbrahim barəsində tətbiq olunan məhdudiyyətlərin müddətini uzadır. "Toplum TV işi" üzrə təqsirləndirilən şəxslər üçün isə dövlət ittihamçısı ümumilikdə 130 il həbs cəzası tələb edir.
Bu arada beynəlxalq insan hüquqları və mətbuat azadlığı təşkilatları – Jurnalistləri Müdafiə Komitəsi (CPJ), Amnesty International və Sərhədsiz Reportyorlar (RSF) Azərbaycan hakimiyyətini həmin iş üzrə irəli sürülən ittihamlara son qoymağa çağırır.

Bütün bunların fonunda hüquq müdafiəçisi Rüfət Səfərovun uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi vəziyyətə dair sualları daha da artırır. Əgər insan hüquqlarının müdafiəsi ilə məşğul olan bir şəxs belə ağır cəza ilə üzləşirsə, bu, ölkədə hüququn vəziyyəti barədə ciddi müzakirələrə səbəb olur.

Bu hadisələri bir-birindən ayrı deyil, bütöv bir mənzərənin hissələri kimi nəzərdən keçirdikdə ortaya çıxan tablo daha ağır görünür. Bir tərəfdən beynəlxalq qurumlar insan hüquqlarına riayət olunmasına çağırış edir, digər tərəfdən isə ölkə daxilində hüquq və azadlıqlarla bağlı narahatlıqlar dərinləşir.

Ən təhlükəli məqam isə cəmiyyətin getdikcə öz səsinin eşidilmədiyi hissinə qapılmasıdır. İnsanlar hüquqi müdafiənin effektivliyinə inamını itirməyə başlayanda, hüququn özü də yalnız qanun mətnlərində qalan anlayışa çevrilir.
Bu gün verilən qərarlar təkcə ayrı-ayrı şəxslərin taleyinə təsir göstərmir. Onlar həm də cəmiyyətin hüquqa, ədalətə və gələcəyə olan inamını formalaşdırır. Buna görə də əsas sual dəyişmir:

Görəsən, qarşılaşdığımız mənzərə bir illüziyadır, yoxsa artıq hamının görməyə məcbur olduğu həqiqət?