Berlində Azərbaycanda siyasi məhbuslara dəstək məqsədilə etiraz aksiyası keçirilir

Bu gün (15 iyun) Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycanda siyasi motivli ittihamlarla həbs olunmuş jurnalistlərin və dindar xanımların həbsinə etiraz olaraq aksiyası keçirilir.

Aksiyanın təşkilatçıları Orxan Ağayev və Elvin Şixəliyev tədbirlə bağlı bildiriblər ki, insan hüquq və azadlıqlarının müdafiəsi hər bir cəmiyyətin əsas prinsiplərindən biridir və bu hüquqların pozulmasına qarşı səssiz qalmaq olmaz.

Aksiya iştirakçıları hazırda Azərbaycanda 9 jurnalist və 6 dindar xanım qanunsuz şəkildə azadlıqlarından məhrum edilməsini pisləyir və onların həbsinin söz, fikir və vicdan azadlıqlarının kobud şəkildə pozulması kimi qiymətləndirlər.

Etiraz aksiyasının əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda insan hüquqlarının vəziyyətinə, jurnalist və vicdan məhbuslarının azadlığa buraxılması tələblərini yönəltməklə ictimaiyyətinə çatdırmaqdır.

Tədbirə Müsəlman Birliyi Hərəkatının (MBH) Avropa Nümayəndəliyinin üzvləri və digər bəzi siyasi mühacirlər dəstək verir.

Aksiya iştirakçıları beynəlxalq insan hüquqları təşkilatlarını, Avropa qurumlarını, media nümayəndələrini və demokratik təsisatları Azərbaycanda baş verən hüquq pozuntularına diqqət yetirməyə çağırıblar.

Onlar vurğulanıb ki, jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunması, inanclarına görə insanların həbs edilməsi qəbuledilməzdir və bu kimi hallar beynəlxalq hüquq normalarına ziddir.

Etirazçılar Azərbaycanda bütün siyasi məhbusların, jurnalistlərin və vicdan məhbuslarının dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

Berlin şəhərində keçirilən bu aksiya insan hüquqları, söz azadlığı və ədalət uğrunda aparılan mübarizəyə beynəlxalq həmrəyliyin nümunəsi kimi qiymətləndirilir.

Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyi aksiyanın sülh və qanun çərçivəsində keçirildiyini bildirərək, insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bəyan edib.