CPJ: “Toplum TV” işi üzrə ağır cəza tələbləri Əliyevin mediada qorxu yaratmaq məqsədinə xidmət edir”

Beynəlxalq mətbuat azadlığı təşkilatı olan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) "Toplum TV işi" üzrə dövlət ittihamçısının tələb etdiyi cəzalara münasibət bildirib. 

Təşkilat iyunun 10-da yaydığı bəyanatda Azərbaycan hakimiyyətini iş üzrə həbsdə olan şəxslərə qarşı ittihamlara son verməyə çağırıb. 

“Prokurorların “Toplum TV” ilə əlaqələndirilən doqquz nəfər üçün tələb etdiyi həddindən artıq ağır həbs cəzaları göstərir ki, prezident İlham Əliyevin mediaya qarşı təzyiqləri qorxu mühiti yaratmağa və cəsarətli jurnalistikaya görə qisas almağa yönəlib. Azərbaycan hakimiyyəti "Toplum TV"-yə qarşı qaldırılmış işi dərhal dayandırmalı və haqsız olaraq həbsdə saxlanılan iyirmidən çox jurnalist və media əməkdaşını azad etməlidir", - təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib. 

İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə məhkəmə prosesində dövlət ittihamçısı Rauf Malışov çıxış edib. 

O, 3 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanovun 16, "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədlinin 15, siyasətçi Ruslan İzzətlinin 16, IDI əməkdaşları Ramil Babayevin 14, Əli Zeynalın 15, İlkin Əmrahovun 14, "Toplum TV" əməkdaşları Müşfiq Cabbarın 14, Fərid İsmayılov və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.