ABŞ Dövlət Departamentində Azərbaycanın ABŞ-dəki səfiri ilə insan haqları mövzusunda görüş keçiriləcəyi bildirilir

Martın 2-də ABŞ Dövlət Departamentində Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim ilə insan haqları mövzusunda görüş keçiriləcəyi bildirilir.
Məlumata görə, ABŞ dövlət katibi Marko Rubionun demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Rayli Barns Azərbaycan səfiri ilə görüşəcək. Görüşün gündəliyinə dair rəsmi açıqlama verilməsə də, əsas müzakirə mövzusunun insan haqları sahəsində vəziyyət olacağı gözlənilir.
ABŞ-də Donald Tramp administrasiyasının hakimiyyətə qayıdışından sonra Vaşinqtondan Bakıya insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı açıq bəyanatlar səslənməyib. Ötən ay vitse-prezident Cey Di Vensin Bakıya səfəri zamanı da bu məsələlərin müzakirə olunub-olunmadığı barədə ictimaiyyətə məlumat verilməyib.
Ancaq son aylarda bir sıra ABŞ senatorları və konqresmenləri Azərbaycan hakimiyyətini həbsdə olan fəalların və media nümayəndələrinin azadlığa buraxılmasına çağırıblar. Onlar ABŞ administrasiyasını rəsmi Bakıya bu istiqamətdə təzyiq göstərməyə səsləyiblər.
Hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda təxminən 340 nəfər siyasi motivli ittihamlarla həbsdə saxlanılır. Rəsmi Bakı isə ölkədə siyasi təqiblərin olmadığını, saxlanılan şəxslərin konkret cinayətlərə görə məsuliyyətə cəlb edildiyini bildirir.
Beynəlxalq insan haqları təşkilatları da Azərbaycan hakimiyyətini siyasi repressiyalara son qoymağa və həbsdə olan şəxslərlə bağlı məsələlərə yenidən baxmağa çağırır.