Avropada yanacaq böhranı: Ehtiyat kritik həddədir

Avropada mövcud aviasiya yanacağı ehtiyatları təxminən altı həftəyə kifayət edə bilər.

Bu barədə Beynəlxalq Enerji Agentliyindən bildirilib.

Qeyd edilib ki, əgər ABŞ və İsrail tərəfindən İrana qarşı başladılan müharibə və Hörmüz boğazının blokadası səbəbindən pozulan tədarüklər yaxın vaxtda bərpa olunmasa, aviaşirkətlər tezliklə reysləri ləğv etməyə başlaya bilər.

Dünya hazırda indiyədək ən böyük enerji böhranlarından birini yaşayır. İran ətrafındakı hadisələr təkcə aviasiya yanacağı ilə bağlı problemlər yaratmır, həm də benzin və elektrik qiymətlərinin daha da bahalaşmasına səbəb olur. Bu vəziyyət bütün ölkələrə təsir edəcək, xüsusilə də kasıb dövlətlər daha çox zərər görəcək.

Müharibə başladıqdan sonra dünya üzrə aviaşirkətlər yanacaq qiymətlərinin kəskin artması və bəzi bölgələrdə çatışmazlıq səbəbindən ciddi çətinliklərlə üzləşib. Bir çox şirkətlər reyslərin sayını azaldıb və biletlərin qiymətlərini artırıb. Mart ayının sonunda isə “Financial Times” yazmışdı ki, iri aviaşirkətlər və hava limanları mümkün yanacaq qıtlığına qarşı tədbir planları hazırlayır.