İsrail əsgəri İsa Məsihin heykəlini sındırdı

İsrail ordusu Livanın cənubunda yerləşən Dibl qəsəbəsində bir əsgərinin İsa Məsih heykəlini sındırdığını rəsmi şəkildə təsdiqləyib. Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra yayılan açıqlamada hadisənin real olduğu bildirilib.

Ordunun “X” platformasında yaydığı bəyanatda qeyd olunub ki, ilkin araşdırma nəticəsində görüntülərdəki şəxsin sionist rejim ordusunun hərbçisi olduğu müəyyən edilib. Lakin açıqlamada nə üzrxahlıq ifadə olunub, nə də həmin əsgərlə bağlı hər hansı cəza tədbirinin görüləcəyi bildirilib.

Yayılan fotoda sionist rejim əsgərinin ağır çəkili çəkiclə İsa Məsihin heykəlinin baş hissəsini qəsdən dağıtdığı görünür. Hadisə Livanın sərhəd bölgəsində yerləşən Dibl qəsəbəsində baş verib.

Bu görüntülər ictimaiyyətdə geniş rezonans doğurub. Bir çoxları hadisəni dini dəyərlərə və insanlıq prinsiplərinə hörmətsizlik kimi qiymətləndirərək kəskin şəkildə pisləyib.

 

Dini obyektlərə hücum

Məlumatlara görə, Livanın cənubunda yerləşən bir sıra məscidlər də işğalçı rejim hücumları nəticəsində ya tamamilə dağıdılıb, ya da ciddi zərər görüb.

Sionist rejim Livanda elan edilmiş atəşkəs rejimini pozmaqda davam edir. ABŞ prezidenti Donald Trump tərəfindən elan olunan atəşkəsə baxmayaraq, işğalçı rejim qüvvələrinin sərhəd bölgələrində yaşayış evlərini və binaları partlatdığı bildirilir.

Bundan əlavə, yerli əhalinin öz yaşayış məntəqələrinə qayıtmasına maneələr yaradıldığı qeyd olunur.

Hizbullahın baş katibi Nəim Qasım bildirib ki, atəşkəs yalnız bütün hərbi əməliyyatların tam dayandırılması ilə mümkün ola bilər. O vurğulayıb ki, müqavimət qüvvələri sionist rejimə etibar etmir və hər hansı pozuntuya qarşı cavab verməyə hazırdır.

Onun sözlərinə görə, döyüşçülər hazır vəziyyətdədir və istənilən hücuma dərhal reaksiya veriləcək.

Son hadisələr göstərir ki, Livan-Fələstin sərhədində vəziyyət hələ də sabit deyil. Atəşkəsə baxmayaraq davam edən qarşıdurmalar və bu kimi insidentlər regionda gərginliyi daha da artırır.

Analitiklər hesab edir ki, dini və mülki obyektlərə qarşı bu cür addımlar vəziyyəti daha da mürəkkəbləşdirə və genişmiqyaslı reaksiyalara səbəb ola bilər.