Suriya gərginlik pik həddə çatdı: İsrail helikopterləri hücuma keçdi, əhali kütləvi şəkildə köçür

Suriyanın cənubundakı Dəra əyalətinin qərb kəndlərində vəziyyət yenidən gərginləşib. Yerli mənbələrin məlumatına görə, sionist rejim qüvvələrinin Abidin kəndinə növbəti dəfə daxil olmaq cəhdi kənd sakinlərinin müqaviməti ilə qarşılaşıb.

Qarşıdurmalar zamanı sionist rejimə məxsus helikopterlərin ağır pulemyotlardan istifadə etdiyi, eyni zamanda kənd və ətraf ərazilərin artilleriya atəşinə tutulduğu bildirilir.

Hücumlar nəticəsində Abidin kəndi və ətraf yaşayış məntəqələrinin sakinləri təhlükəsizlik məqsədilə qonşu kəndlərə üz tutublar.

Məlumata görə, sionist rejim hərbi texnikası daha sonra kənddən geri çəkilsə də, bölgədə vəziyyət gərgin olaraq qalır. Rəsmi məlumatlarda ölən və ya yaralananlarla bağlı hələlik açıqlama verilməyib.

Bildirilib ki, Abidin sakinləri sionist rejim qüvvələrinin kəndə daxil olmasının qarşısını almaq məqsədilə giriş yollarını iri daşlarla bağlayıblar.

Bu hadisədən əvvəl sionist rejim hərbçilərinin kəndə daxil olan patrulu uzaqlaşdırmağa çalışan uşaqlara atəş açdığı iddia olunur.

Məlumata əsasən, Yərmuk hövzəsi üzərində işğalçı İsrail ordusu tərəfindən intensiv işıqlandırıcı mərmilər atılıb, eyni zamanda Quneytra və Dəra əyalətlərinin səmasında hərbi aviasiyanın fəallığı müşahidə olunub.

Bundan əvvəl sionist rejim hərbçilərinin Abidin kəndinin qərbində yerləşən Tel əl-Məğr bölgəsində hərbi çadırlar qurduğu, zirehli texnika ilə əraziyə daxil olaraq fermerləri atəşə tutduğu bildirilmişdi.

İşğalçı İsrailin “Kanal 14” telekanalı isə Suriyanın cənubundakı Colan yüksəklikləri istiqamətində yerləşən rejimin hərbi mövqelərinin atəşə tutulduğunu iddia edib.

Məlumata görə, hücumu həyata keçirən şəxs hadisə yerindən uzaqlaşmağa müvəffəq olub.

Son hadisələr sionist rejimin ilə Suriya arasında 1974-cü il qüvvələrin ayrılması haqqında razılaşmanın pozulması ilə bağlı mübahisələrin davam etdiyi bir vaxtda baş verir. Suriya tərəfi İsrailin cənub bölgələrində həyata keçirdiyi hərbi əməliyyatları və irəliləyiş cəhdlərini ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir.