Aşura günü və İmam Hüseynin (ə) qiyamı

Aşura hadisəsi hicri 61-ci ilin Məhərrəm ayının 10-da Kərbəla çölündə baş verib. Bu hadisədə İmam Hüseyn (ə) və onun azsaylı səhabələri Yezid hakimiyyətinin böyük qoşunu ilə üz-üzə gəlib.

Hadisə zahirdə İmam Hüseynin (ə), ailə üzvlərinin və səhabələrinin şəhadəti, Əhli-beytin (ə) isə əsir alınması ilə nəticələndi. Lakin tarixi baxımdan bu qiyam İslamın mahiyyətinin qorunması, Bəni-Üməyyə hakimiyyətinin gerçək simasının üzə çıxması və zülmə qarşı müqavimət ruhunun yaşadılması baxımından dönüş nöqtəsinə çevrildi.

İmam Hüseynin (ə) qiyamı şəxsi hakimiyyət mübarizəsi deyildi. Onun əsas məqsədi İslam ümmətində yaranmış dərin mənəvi və siyasi təhrifi aradan qaldırmaq idi.

Peyğəmbər dövründə üstünlük meyarı təqva, ədalət və iman idi. Zaman keçdikcə bu dəyərlərin yerini var-dövlət, tayfa maraqları, vəzifə və dünya istəyi tutdu.

Bir çox nüfuzlu şəxslər haqqı tanısalar da, dünya mənafeyi və qorxu səbəbindən İmam Hüseyni (ə) müdafiə etmədilər.

Müaviyə dövründə hakimiyyət zahirdə dini görüntünü qorumağa çalışırdı. Yezid isə açıq şəkildə fəsad, zorakılıq və qorxu siyasəti ilə tanınırdı.

İmam Hüseyn (ə) belə bir şəxsə beyət etməyi İslam cəmiyyətinin mənəvi süqutu kimi görürdü. Bu səbəbdən onun məşhur mövqeyi tarixə həkk olundu: “Mənim kimim onun kimisinə beyət etməz”.

Yezidin hakimiyyətə gəlməsindən sonra Mədinədə İmam Hüseyndən (ə) beyət tələb olundu. İmam bu tələbi qəbul etmədi və gecə ilə Mədinədən Məkkəyə yola düşdü.

Məkkədə olarkən Kufə əhalisindən İmam Hüseynə (ə) çoxsaylı məktublar göndərildi. Onlar onu rəhbər kimi qəbul etməyə hazır olduqlarını bildirirdilər.

İmam vəziyyəti araşdırmaq üçün Müslim ibn Əqili Kufəyə göndərdi. Əvvəlcə minlərlə insan Müslimə beyət etsə də, Ubeydullah ibn Ziyadın təhdidləri və təzyiqləri nəticəsində bu dəstək dağıldı.

İmam Hüseyn (ə) Kufəyə doğru hərəkət edərkən yolda Müslim ibn Əqilin şəhid edildiyi xəbərini aldı. Buna baxmayaraq, Kufə xalqına qarşı hüccəti tamamlamaq üçün yoluna davam etdi.

Kərbəlada İmam Hüseyn (ə) və tərəfdarları mühasirəyə alındı. Məhərrəmin 7-dən etibarən onların suya çıxışı kəsildi. Ailələr, uşaqlar və səhabələr ağır susuzluq şəraitində qaldılar.

Aşura günü isə İmam Hüseynin (ə) azsaylı səhabələri ardıcıl şəkildə döyüşə çıxdılar və şəhid oldular. Nəticədə İmam Hüseyn (ə) də şəhid edildi, ailəsi isə əsir alındı.

Aşura yalnız bir döyüş deyil, haqq ilə batilin, ədalət ilə zülmün, sədaqət ilə xəyanətin qarşıdurmasıdır.

İmam Hüseynin (ə)qiyamı göstərdi ki, zülm qarşısında susmaq cəmiyyətin mənəvi məhvinə yol açır. O, öz həyatı və şəhadəti ilə haqsız hakimiyyətə boyun əyməməyin ən uca nümunəsini göstərdi.

Kərbəla hadisəsi bu gün də müsəlman dünyasında vicdan, fədakarlıq, sədaqət və azadlıq simvolu kimi yad edilir.