Mənim üçün Kərbəla insan vicdanının imtahanıdır

Son iki gündə yazdığım paylaşıma yüzlərlə şərh gəldi. Kimi dedi bu ərəbin tarixidir, bizə aid deyil. Kimi dedi Hüseyn haqlı olsaydı arxasında duran olardı. Kimi də Kərbəlanı iki əmi oğlunun hakimiyyət davası adlandırdı.

Mən isə bir şeyi düşündüm.

44 günlük Vətən Müharibəsində bizim əsgərlərimiz say üstünlüyünə, texnikaya, səngərlərə baxıb geri çəkilsəydilər, bu gün Qarabağ azad olardımı? O gün kimsə çıxıb desəydi ki, qarşı tərəf daha güclüdür, deməli haqlıdır, qəbul edərdinizmi?

Deməli haqqın ölçüsü say deyilmiş. Güc deyilmiş. Hakimiyyət deyilmiş.

Kərbəla da mənim üçün məhz budur.

Bir insanın haqq bildiyi yoldan dönməməsi.

Bəziləri deyir bu ərəb tarixidir. Bəli, hadisə ərəb torpağında baş verib. Amma zülmə qarşı dayanmaq nə vaxtdan milliyyətə bağlı olub? Qarabağda şəhid olan oğullarımızı sevmək üçün türk olmağa ehtiyac olmadığı kimi, Kərbəlanı anlamaq üçün də ərəb olmağa ehtiyac yoxdur.

Bəziləri deyir iki əmi oğlunun hakimiyyət davasıdır. Əgər məqsəd hakimiyyət idisə, Hüseyn Yezidə beyət edib rahat yaşaya bilərdi. Hakimiyyət istəyən adam öz ailəsini, uşaqlarını götürüb ölümə getməz.

Bəziləri deyir Hüseyn haqlı olsaydı arxasında duran olardı. Maraqlıdır, eyni sözü 1992-ci ildə Qarabağda tək qalan kəndlərimizə də demək olardımı? Eyni sözü Xocalıda öldürülənlərə də demək olardımı? Say çoxluğu heç vaxt haqqın göstəricisi olmayıb.

Kərbəlanın dərsi budur. Hər dövrdə Yezidin adı dəyişir, Hüseynin də adı dəyişir. Amma seçim dəyişmir. İnsan ya gücün yanında dayanır, ya haqqın yanında.

Mənim üçün Kərbəla keçmişdə qalmış hadisə deyil. İnsan vicdanının imtahanıdır.

Qalan hökmü isə hər kəs öz vicdanına versin.

 

Sabir Cabirzadə