Aşura məktəbinin problemi təbliğatsızlıq yox, strategiyasızlıqdır

Son illər, xüsusilə son altı-səkkiz ildə Azərbaycanda Məhərrəm məclisləri, Aşura mərasimləri və dini atributlara qarşı müxtəlif formalarda hücumlar və əks təbliğat aparılır. Maraqlıdır ki, yüzlərlə ruhani, yüzlərlə tələbə, minlərlə minbər, sosial media hesabları və kifayət qədər maddi-fiziki imkanlar olmasına baxmayaraq, bu hücumların təsiri lazımi səviyyədə neytrallaşdırılmır.
Bu strateji böhrandır.
Əsas problem ideoloji zəiflik, süstlük və ya resurs azlığı deyil. Əsas problem strategiya yerinə reaksion fəaliyyət göstərməkdir.
Yəni nə ?
Bu gün Azərbaycanda şiə dini cameəsinin böyük hissəsi öz gündəmini özü müəyyən etmir. Düşmən tərəf hansı mövzunu ortaya atırsa, dini cameə də enerjisini ona cavab verməyə sərf edir. Beləliklə, hücum edən tərəf oyunun qaydalarını müəyyən edir, müdafiə olunan tərəf isə həmin qaydalar daxilində oynamağa məcbur qalır. Halbuki kütlə idarəetməsinin əsas qanunlarından biri budur ki, gündəmi idarə etməyən, gündəm tərəfindən idarə olunur.
Bir gün vəhhabilər, bir gün ateistlər, bir gün siyasilər, başqa bir gün Mirşahin və ya Səidə kimilər vasitəsilə gündəm yaradılır və dini cameə həmin gündəmin arxasınca sürüklənir.
Uğurlu təşkilatlar isə rəqiblərinin hər addımına cavab verməklə lider olmurlar. Əksinə, gündəmi və tələbin istiqamətini özləri müəyyən edirlər, rəqiblər isə onları izləməyə məcbur qalırlar.
Bunun yaxın dövrdə nümunələrini də gördük. Bəzi mühacir qardaşlar "Şəhid" Albert Aqarunov mövzusunu gündəmə gətirdikdə, "Aşura düşmənləri" bütün informasiya resurslarını həmin mövzuya yönəltməyə məcbur oldu.
Digər nümunə: Alyona Əliyeva mövzusu aylarla gündəmdə saxlanıldı və nəticədə dinə qarşı fəaliyyət göstərən çevrələrin diqqəti müəyyən qədər din mövzusundan yayındı.
Mən burada misaldakı hücum formasının doğru və ya yanlış olduğunu müzakirə etmirəm. Demək istədiyim budur ki, gündəmi müəyyən edən tərəf təşəbbüsü də ələ keçirir.
Əgər yalnız müdafiə olunuruqsa, deməli oyunu rəqibin qaydaları ilə oynayırıq. Qələbə "qol" vurmaq deyil. Bizim üçün ilkin qələbə rəqibi bizim meydandan çıxarıb öz meydanında müdafiəyə məcbur etməkdir.
Hacı Tale (Allah qapısını açsın) çox dəyərli bir söz deyib: "Biz məsciddən çıxmadıqca, (onların problemini demədikcə) düşmən döyüş meydanını daraldacaq və sonda meydan məscidin özü olacaq."
Bu, əslində strateji idarəetmənin qanunudur. "Hücum" olmazsa, müdafiə xətti davamlı geri çəkilərsə, qarşı tərəf hücum sahəsini genişləndirər.
Təəssüf ki, bu gün Azərbaycanda mübarizə meydanı artıq məscid də deyil, o meydanı da əldən vermişik.
Məhz bu səbəb olub ki, son iki-üç ildə düşmən biraz da irəli getməklə "qollarını" Gürcüstanda, Türkiyədə və hətta İrandakı "qapılara vurmağa çalışır."
Əlbəttə, koordinasiyanın zəifliyi, müasir media strategiyasının olmaması, gənclərin dili ilə danışa bilməmək, minbərlərdə strateji istiqamətin olmaması və İslamın fəlsəfəsini müasir insanın anlayacağı formada təqdim və tətbiq edə bilməmək kimi problemlər də mövcuddur. Lakin bunların hamısı bir kök problemin, strateji idarəetmə çatışmazlığının nəticəsidir.
Taktiki olaraq cavab yazıları, videolar, minbərlər və digər vasitələrlə ayrı-ayrı döyüşləri qazanmaq mümkündür. Amma müharibələri taktika yox, strategiya qazandırır.
Məhz buna görə də hər il bəzi taktiki uğurlar əldə etsək də, ümumi informasiya müharibəsində tədricən geri çəkilirik.
Bəlkə də artıq özümüzə "biz hər dəfə yaranan gündəmə cavab verməklə kifayətlənəcəyik, yoxsa gümdəmi yaradan tərəfə çevriləcəyik?" sualını verməyin vaxtıdır.
Strateji düşünənlər hadisələri izləmək ilə yanaşı hadisələrin istiqamətini də müəyyən edirlər. Ola bilsin ki, bu gün dini cameənin ən böyük ehtiyacı yeni natiqlərdən çox, strateji düşünən insanlar yetişdirməkdir. Çünki gələcəyi qoruyan təkcə doğru söz deyil, doğru zamanda, doğru meydanda və doğru strategiya ilə deyilən sözdür.