Hazırda həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barədə istintaqı aparılan cinayət işinə cəlb edilib.
Bu barədə Həsənovun saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindəki mənbədən Meydan TV-yə məlumat verilib.
Verilən məlumatda bildirilir ki, bir aya yaxındır o, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təcridxanasına köçürülüb.
Aidiyyatı qurumlar bu barədə hələlik heç bir açıqlama verməyiblər.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Eldar Həsənov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. ittiham edilib.
O, səfir olduğu ölkələrdə səfirlik üçün binaların alınması və s. layihələrin icrası zamanı yeyintilərə yol verməkdə təqsirli bilinib.
Həsənov 2022-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir.
Eldar Həsənov Ramiz Mehdiyev barədə istintaqı aparılan cinayət işinə cəlb edilib