İşçi hüquqları fəalının həbsxanada zorakılığa məruz qaldığı deyilir

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Ayxan İsrafilovun saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində fiziki zorakılığa məruz qaldığını bildirilir.

Yaxınlarının “Meydan TV”-yə bildirdiyinə görə, hadisə İsrafilov müəssisə rəisinin müavini Kamran Şahsuvarovun qəbulunda olduğu zaman baş verib.

“Qəbul zamanı İsrafilov hörmətsiz münasibətə etiraz etdikdən sonra vəziyyət gərginləşib və müavin ona qarşı fiziki zorakılıq göstərib”, - deyə məlumatda vurğulanır.

Ayxan İsrafilov qeyd edib ki, Kamran Şahsuvarov onu boynundan tutaraq  əyib və daha sonra döyməyə başlayıb. İsrafilov yaxınlarına bildirib ki, həmin an huşunu itirib və bir saat sonra özünə gəlib. O, hadisədən sonra boyun nahiyəsində izlərin qaldığını da bildirib:

“Dəfələrlə müavinin qəbulunda olanda mənə qarşı hörmətsiz davranıb. Sonuncu dəfə aprelin 13-də qəbulda oldum. Yenə məni dinləmirdi. Dedim ki, bəlkə sizə mane oluram. Mənimlə kobud danışmağa başlayanda xahiş etdim ki, mənə qarşı rəftarını dəyişsin”.

Yaxınlarının bildirdiyinə görə, hadisədən sonra əməliyyatçı Ruslan Hətəmov İsrafilovdan izahat yazmasını tələb edib. Lakin İsrafilov buna etiraz edib.

“Əməliyyatçı Ruslan Hətəmov dedi ki, narahat olma, heç olmasa öz xeyrinə yaz. Dedim ki, yazaram amma müavinin qəbuluna getməyəcəm. O yenidən kobud danışacaq, problem yaranacaq. Hətəmov əvvəl razılaşsa da, sonra məni müavinin qəbuluna apardı. Amma yenə gözlədiyim kimi oldu. Sonuncu dialoqumuz da sərt keçdi”.

Yaxınlarının bildirdiyinə görə, zorakılıq hadisəsi məhz həmin görüşdən sonra baş verib. Məlumata əsasən, hadisə zamanı müəssisədə saxlanılan “AbzasMedia”nın direktoru Ülvi Həsənli, eləcə də Cəfər Mirzəyev, Şahin Hacıyev və adlarının açıqlanmasını istəməyən digər məhbuslar da baş verənlərin şahidi olub.

Ayxan İsrafilov 2023-cü il avqust ayında saxlanılıb. O, narkotik vasitələrin əldə edilməsi və daşınması maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilib.

Özü ttihamları qəbul etmir və siyasi baxışlarına, tənqidi fəaliyyətinə və işçi hüquqlarının müdafiəsindəki fəaliyyətinə görə məqsədli şəkildə cəzalandırıldığını bildirir.

2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir.